Deyilənə görə, brifinq olacaq. TƏBİB-də kimin teatrla maraqlanıb-maraqlanmadığını, sevib-sevmədiyini bilmirəm. Soruşsan, deyəcəklər ki, vaxt var? Bizdə onsuz da mədəniyyətə çoxunun vaxtı, marağı yoxdur.
APress.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli sosial şəbəkə hesabında yazıb. Aktrisa teatrların açılmamasından gileylənib:
“Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu, teatr sənətinin məhvi olacaq. Demirəm, teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, onsuz bu, mümkün deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm, TƏBİB bunları nəzərə alacaq”.
S.İsgəndərli TƏBİB-in Mətbuat xidmətinin onunla əlaqə saxladığını diqqətə çatdırıb:
“Bildirdilər ki, biz sırf tibbi məsələlərlə məşğuluq. Qapanma və digər tədbirlər Operativ Qərargahın səlahiyyətindədir. Nə deyirəm?! Ümid edək ki, Operativ Qərargah səsimizi eşidib, teatrların açılması üçün qərar verər”.
Publika.az