Şəriki Rafiq Əliyevin milyonlarını necə mənimsəyib? – Məhkəmə çəkişmələribackend
Cəmiyyət
378

Şəriki Rafiq Əliyevin milyonlarını necə mənimsəyib? – Məhkəmə çəkişmələri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın tanınmış iş adamı, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyev keçmiş biznes ortağı Tomas Mozerin fırıldağı ilə üzləşib. Belə ki, xeyli müddət Əliyevlə yaxın dostluq və iş ortaqlığında olan Mozer “Azpetrol” LTD-nin Moldovada qurduğu biznesi öz əlinə keçirib. Söhbət Moldovanın Prut və Dunay çaylarının sahilində yerləşən, ölkənin dənizlə əlaqəsini təmin edən yeganə limandan – Curculetsdən gedir.

 

“Azpetrol” Curculets limanı və Moldova ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsinə 250 milyon dollar investisiya yatırmaq niyyətindəydi. 2005-ci ildə Moldova hökuməti ilə şirkət arasında bağlanmış müqaviləyə əsasən bu vəsait Curculets limanının tikintisinin başa çatdırılmasına, Moldova ərazisində 50 YDM-dən ibarət şəbəkənin qurulmasına (35 milyon dollar) və kiçik neft emalı zavodunun tikintisinə (170-200 milyon dollar) sərf olunmalı idi. Liman ərazisində 2 milyon ton ötürücülük gücünə malik neft terminalı (10 milyon dollara), həmçinin quru yük və sərnişin terminalı (15 milyon dollara) inşa olunacaqdı. Liman ərazisi sonra satın almaq hüququ tanınmaqla 99 illiyə “Azpetrol”a icarəyə verilmişdi.

 

Həmin vaxt mətbuata anlaşma barədə açıqlamanı “Azpetrol”un vitse-prezidenti olan Tomas Mozer verərək Curculetsdə tikiləcək NEZ-in Azərbaycan, Qazaxıstan və Türkmənistan nefti ilə təmin olunacağını demişdi. Neftin Xəzər dənizi vasitəsilə Qazaxıstan və Türkmənistan neftini Azərbaycana, oradan dəmiryolu ilə Gürcüstanın Poti və Batumi limanlarına, oradan isə 10 min tonluq tankerlərlə Curculetsə çatdırılması planlaşdırılırdı. Neft məhsullarının isə əvvəl Moldovanın daxili bazarına, daha sonra Macarıstan və Ukraynaya satılması nəzərdə tutulurdu.

 

Lakin 2005-ci ilin oktyabrında R.Əliyevin həbsi onun biznesinin fəaliyyətinə böyük zərbə vurdu: Azərbaycandakı biznesinin çox böyük hissəsi əlindən alındı, xaricdəkini qorumaq üçün onun idarəetməsi Tomas Mozerə həvalə olundu. “Azpetrol”un ölkə daxilindəki əksər layihələri başqa şirkətlərə verildi. Şirkətin neftdaşımaların təşkili üçün yaradılan infrastrukturu əlindən alındı. Baxmayaraq ki, hələ 2005-ci ilin fevralında R.Əliyev “Azpetrol”u bütünlüklə xaricdə yaratdığı şirkətin mülkiyyətinə vermişdi, Azərbaycanda məhkəmə bu prosesi qanunsuz elan edərək, şirkətin təsisçilik hüququnu İbrahim Məmmədov adlı şəxsə verdi.

 

 

 

Tomas Mozer

 

Qeyd edək ki, həbslərə qədər Tomas Mozer Əliyevlərin tək xaricdəki deyil, Azərbaycandakı biznesinə rəhbərlikdə də mühüm rol oynayırdı. Əslən Almaniyadan olan T.Mozer 2001-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri təyin edilib. Böyük ehtimalla, Əliyev qardaşları ilə dostluq münasibətləri də həmin vaxt qurulub. Beynəlxalq maliyyə qurumları ilə yaxın əlaqələrdə olan İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik edən Fərhad Əliyevlə sıx təmaslardan sonra. 2003-cü ildə o, artıq R.Əliyevə məxsus “Azpetrol” Holdinqin maliyyə və inkişaf üzrə vitse-prezidenti təyin olunub. O, eyni zamanda qardaşlara məxsus “Bank of Baku”nun Müşahidə Şurasının sədri idi. 2005-ci ildə AYİB-in bu banka 5 milyon avro yatırım edərək səhmdarlarından birinə çevrilməsində də Mozerin rolunun olduğu şübhəsizdir.

 

Əliyevlərin həbsindən sonra T.Mozer bir müddət müxtəlif dövlət qurumlarının “Azpetrol”a məxsus şirkətlərə qarşı hücumlarından narazılıq dolu bəyanatlar verdi. Sonra isə hər şeyi buraxıb Azərbaycandan çıxdı və Moldovadakı işlərə rəhbərlik etməyə başladı. Ona inamı olan Əliyevlərin etimadından sui-istifadə etməklə Curculets limanını ələ keçirib ofşor şirkətlər üzərindən Avropa Yenidənqurma və İnkişaf Bankına satdı.

 

2013-cü ildə azadlığa çıxan R.Əliyev Mozerin “təmiz” oynamadığını dərhal aydınlaşdırdı. Və dərhal da Moldova məhkəməsində ona qarşı iddia qaldırdı. Uzun illər boyu davam edən məhkəmə çəkişmələri davam edərkən bu ilin yazında AYİB bəyan etdi ki, Curculets limanını satın alıb. Limanın banka satılmasına dair müqavilə 2021-ci il mayın 7-də imzalanıb. Lakin bu haqda iki həftə sonra, limanın saytında yerləşdirilmiş press-relizdən məlum olub. Limanın səhmlərini banka Kiprdə qeydiyyatdan keçmiş “Thomo Invest LTD” şirkəti satıb. Həmin şirkətin arxasında isə limanın operatoru “Danube Logistics” şirkətinin keçmiş inzibatçısı və limanın keçmiş direktoru, eyni zamanda Avropa Yenidənqurma və İnkişaf Bankının keçmiş əməkdaşı Tomas Mozer dayanır.

 

Curculets limanının operatoru “Danube Logistics” LLC Hollandiyanın “Danube Logistics Holding BV” şirkətinin törəmə şirkətidir. Sonuncunun təsisçisi isə öz növbəsində “Danube Holding BV” adlı başqa holland şirkətidir. Həmin şirkətin arxasında isə 2011-ci il sentyabrın 6-da Kiprdə qeydiyyatdan keçmiş, direktoru Tomas Mozer olan “Thomo Invest LTD” dayanır. 2018-ci ildə isə Kipr şirkətinin səhmləri Avstriyada qeydiyyatdan keçmiş “Febania GmbH” şirkətinə satılıb, həmin şirkətin benefisiarı da Tomas Mozerdir. Belə məlum olub ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Curculets limanını Mozerin “Febania GmbH” şirkəti ilə imzalanmış sövdələşmə nəticəsində alıb.

 

“Black Box” araşdırmaçı jurnalistlər qrupunun əldə etdiyi sənədlərə əsasən bank limanı alana qədər onun səhmləri “Bemol” şirkəti ilə (Rafiq Əliyevin şirkəti) ilə Tomas Mozer arasında məhkəmə çəkişməsi prosesində müsadirə olunmuşdu. Həmin məhkəmə çəkişməsi bir neçə ildir davam edir və 2021-ci ilin fevralında məhkəmə icraçısı Roman Talmaç “Bemol” şirkətinin sorğusu əsasında “Danube Logistics” şirkəti üzərində məcburi idarəçilik tətbiq edib.

 

 

 

Lakin “Danube Logistics” şirkətinin nümayəndələri bildirirlər ki, bank hələ sövdələşməni imzalamazdan əvvəl “Danube Logistics Holding BV” şirkətinin “Danube Logistics”dəki səhmlərinin əsas benefisiarı idi. Üstəlik, bu səhmlər banka vaxtilə alınmış kreditin maliyyələşdirilməsi üçün girov kimi verilmişdi. Və “Bemol” şirkətinin iddiası əsassızdır və operator-şirkətin məcburi müsadirəsi barədə məhkəmə icraçısının çıxardığı qərar məhkəmədə mübahisələndirilib.

 

Maraqlıdır ki, 2005-ci ildə Moldova hökuməti Curculets limanına dair üç şirkətlə investisiya müqaviləsi bağlayıb: sonradan “Bemol Retail” olan “Azpetrol SRL”, “Azertrans SRL” (sonradan “Danube Logistics” olub) və “Azpetrol Refinery SRL” (sonradan “Flat Refinery” olub). Hər üç şirkət Rafiq Əliyevə məxsus idi.

 

Həbs olunduqdan sonra Moldovadakı aktivlərini qorumaq üçün R.Əliyev 2006-cı ildə Niderlandda yaradılmış “Easeur Holding BV” şirkətinin idarəçiliyinə verib və 4 icraçı direktor təyin edib. Tomas Mozer onlardan biri idi və “Bemol Retail” şirkətini 2006-2012-ci illərdə idarə edib. Həmin vaxt liman operatoru “Danube Logistics” şirkətini də ələ keçirə bilib.

 

2013-cü ildə azadlığa çıxandan sonra Rafiq Əliyev “Bemol” şirkəti üzərindən biznesini idarə etmək üçün Moldovaya qayıdıb və Tomas Mozerin şirkətin pullarını ələ keçirdiyini öyrənib. Və məhkəmə iddiası qaldırıb. 2018-ci ilin aprelində Kişinyov məhkəməsi Tomas Mozerin Ala Aydovla birlikdə 178 milyon lev (106 milyon dollar) kompensasiya ödəməli olduğu haqda qərar çıxarıb. Bunun ardınca bir neçə apelyasiya məhkəməsi gəlib və bu ilin fevralında Moldova Ali Məhkəməsi Rafiq Əliyevin bütün iddiasını rədd edib, yəni Mozeri haqlı çıxarıb (Virtualaz.org).

 

Qeyd edək ki, R.Əliyevin biznes fəaliyyətinin əsası Moldovada qoyulub. O, Azərbaycana qayıtmazdan əvvəl bu ölkədə ona yaxın YDM-in sahibi idi. Yəni onun sırf Azərbaycanda, nazir qardaşının imkanlarından istifadə edərək biznesə başladığını söyləmək mümkün deyil. O, biznes adamı kimi Curculets limanının perspektivini düzgün qiymətləndirdiyinə görə Azərbaycana qayıdıb biznes fəaliyyətini genişləndirdikdən sonra yenidən Moldovaya, bu dəfə pespektivli layihəyə vəsait yatıran investor kimi dönmüşdü.

 

Həbsdən çıxdıqdan sonra R.Əliyev Azərbaycandakı biznesinin bir hissəsini geri almağa nail olub. Bura onun “Azpetrol” şirkətindəki payı da daxildir. Hazırda şirkətin Azərbaycanın əksər iqtisadi zonalarını əhatə etməklə 89 yanacaqdoldurma (benzin və dizel), 5 maye qazdoldurma (Propan-Butan), 4 STQ tipli (CNG) qazdoldurma (Sıxılmış təbii qaz), 17 elektromobillərin enerji ilə doldurulma məntəqəsi və 1 STQ tipli (CNG) terminalı fəaliyyət göstərir. Bundan əlavə, şirkətin Səngəçalda neftbazası var. Habelə, Əliyev qardaşlarının Sumqayıt Texnologiyalar Parkının əsas idarəçisi olduqları deyilir.

 

Əliyevlərin başına gələnlər göstərir ki, Azərbaycan məmurlarının ölkədən talayıb xaricdə müxtəlif xarici ölkə vətəndaşlarının adına rəsmiləşdirdikləri varidatları eyni aqibəti yaşaya bilər. Məlumdur ki, Azərbaycan məmurlarının böyük əksəriyyəti ölkədən kənarda xarici vətəndaşlarla şərikli qaydada geniş biznes fəaliyyəti həyata keçirirlər. Onların müxtəlif ölkələrdəki bizneslərinin başında məhz xaricilər dayanır. Reallıq göstərir ki, hətta yaxın-uzaq qohumlar belə Azərbaycanda vurulan məmurların xaricdəki sərvətini onlar həbsdən çıxana qədər qoruyacaq qədər etibarlı olmaya bilərlər, nəinki xarici ölkə vətəndaşları. Bu baxımdan, Əliyevlərin taleyindən hər kəsin dərs çıxarması lazımdır.