Bəzi ölkələr səyahət zamanı turistlərdən COVİD pasportu tələb edir. Məsələnin maraqlı tərəfi isə budur ki, hazırda dünyada müxtəlif növ peyvəndlər var və Azərbaycanda olan bəzi vaksinlər Avropa ölkələri tərəfindən təsdiqlənməyib.
Bu baxımdan bir sıra vətəndaşlar iki, hətta üç cür vaksin vurdurmaq məcburiyyətində qalır. Məsələn, “SinoVac” vurduran vətəndaş, növbəti dəfə “Pfizer”ə müraciət edir. Bunu könüllü edən vətəndaşlar da var. Onlar inanır ki, fərqli vaksinlər immunitetlərini daha da gücləndirir.
Bəs, bu hal insan səhhətinə zərər vura bilərmi?
Tibb üzrə ekspert, professor Adil Qeybulla Sfera.az-a açıqlamasında deyib ki, bir növ vaksin vurdurmaqla da immunitet qazanmaq mümkündür:
“Əgər bu olmazsa, digər vaksin növlərindən istifadə oluna bilər. Bu da müəyyən müddətdən sonra mümkündür. Məsələn, bir vaksin vurulandan iki ay sonra başqasına müraciət etmək olar – immunitet yoxlanılır, antikor testi aparılır və virusa qarşı lazımi immunitet yaranmadığı halda, başqa xarakterli vaksinasiya istifadə olunur”.
Müsahibimiz qeyd edib ki, vaksinlər müxtəlifdir və onun vektorlu, matrisalı, revanukuen turşusu əsaslı, canlı, zəiflədilmiş və inaktivləşdirilmiş və.s növləri var:“Ona görə də, vətəndaşların fərqli peyvəndlərdən istifadəsi mümkündür”.