Sosial şəbəkələrdə, etiraz aksiyalarda tez-tez sosial tələblər səsləndirilir. İnsanlar iddia edir ki, Azərbaycanda əverilən sosial müavinətlər, pensiyalar balacadır, normal yaşayış üçün kifayət etmir və onların artırılmasını tələb edirlər.
Azərbaycanda pensiya və müavinətlərin məbləğini yetərli saymaq olarmı?
Əmək və əhalinin sosial müdafiəsi Nazirliyindən Turana bildirilib ki, Prezident İlham Əliyev «Əmək pensiyalarının indeksləşdirilməsi haqqında» fevralın 5-də Sərəncam imzalayıb, bu da ölkədə sosial müdafiə tədbirlərinin gücləndirilməsi, pensiyaçıların rifahının yaxşılaşdırılması istiqamətində növbəti addımdır. «Ötən ildə pensiya, Prezidentin təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat vəsait yönəldildi».
Nazirlikdən qeyd olunub ki, minimum və orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında liderliyini qoruyub saxlayır. «Dövlət başçısının Fərmanları ilə sosial ödənişlərdə artım bu ilin əvvəlindən davam etdirildi. Prezidentin təqaüdlərinin məbləği şəhid ailələri üçün 66,7 faiz, Azərbaycanın Milli Qəhrəmanı üçün 20 faiz, İkinci Dünya müharibəsi iştirakçıları üçün 100 faiz, müharibə və 20 Yanvar əlilləri, müharibə əlillərinə bərabər tutulanlar üçün 50 faizdən çox artırıldı, Vətən Müharibəsi Qəhrəmanları üçün 2 min manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olundu».
Qurumdan vurğulanıb ki, pensiyaların son artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93 faizini əhatə edir. «Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir. Dövlət başçısının Sərəncamı ilə fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilərək yanvarın 1-dən 2,8 faiz artırılıb. Bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir və onların fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay əməkhaqlarından sosial sığorta ayırmaları nəticəsində deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir».
Nazirlikdən bildirilib ki, Prezident İlham Əliyevin fevralın 27-də «Əmək pensiyaları haqqında» dəyişikliklər edilməsi ilə bağlı Qanunun tədbiqi haqqında imzaladığı sərəncamla əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli dərəcədə artırılması pensiyaçıların sosial müdafiəsi gücləndirildi. «Əmək pensiyasının minimum məbləği cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan 160 manata çatdırılıb. Bu Sərəncam əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, həssas qrupların rifah halının yaxşılaşdırılmasına xüsusi qayğının növbəti təzahürüdür».
Qurumdan qeyd olunub ki, minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edir. «Ümumilikdə 233 min nəfərin pensiyasında ümumi orta artım 40 faizədək təşkil edir. Artımın edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bu ilin 10 ayı (mart-dekabr) üzrə 41 milyon manat, il ərzində isə 49 milyon manat əlavə vəsait yönəldiləcək. Artımdan sonra alıcılıq qabiliyyəti indeksi üzrə ölkəmiz MDB məkanında ən ön sıraları bölüşür».
Nazirlikdən verilən məlumata görə, təkcə bu il 19,5 min nəfərədək vətəndaşın yeni dəyişikliklərlə əlaqədar əmək pensiyası hüququ əldə edəcəyi və onların gəlirlərinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. «Sosial müavinətlərə gəlincə, ötən il müavinətlər 15 faiz artdı. Ünvanlı sosial yardım mexanizminin də əhatə dairəsi genişləndirilib. 2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilib. Bu, 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur və 15 faizlik artımla orta aylıq ödənilən məbləğ 240 manata çatıb».
Qurumdan əlavə olunub ki, son günlər ərzində aparılan araşdırmalar nəticəsində 12809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilib. «Sosial ədalətin təmin edilməsi məqsədilə həmin şəxslərin pensiya məbləğləri qanunauyğun şəkildə yenidən hesablanaraq artırılıb. Həmin artımların təmin edilməsi üçün əlavə olaraq illik 8 milyon manat vəsait ayrılıb. Bundan başqa, keçmiş dövr üzrə ödənilməli olan 14,5 milyon manat fərq hesablanaraq aylıq pensiya məbləğlərinin üzərinə əlavə edilməklə hissə-hissə ödənilir».
İqtisadçı Natiq Cəfərli isə Turana bildirib ki, Azərbaycanda ən ciddi problemlərdən biri sosial problemlərin getdikcə artmasıdır. «Buna həm pandemiyanın təsiri oldu – işsizlik artdı, həm də inflyasiya çox sürətlə getdi. Bizdə ərzaq inflyasiyası az qala ikirəqəmli rəqəmə çatdı».
Ekspert qeyd edib ki, bu da insanların real gəlirlərinə ciddi təsir göstərir. «Çünki nominal gəlirlərdə az-maz artım olsa da (məsələn orta aylıq əmək haqqının artım tempinə görə indeksləşmə aparılır, bu da son iki ilə 3 faiz civarında olub) inflyasiyanın ikirəqəmli olması bu artımı yeyir və hətta real gəlirlərin azalmasına səbəb olur, inssnlar kasıblaşır».
Cəfərli hesab edir ki, Azərbaycanda bu sahədə iki problem var. «Rəsmi rəqəmlərə görə, bizdə sosial sahəyə ayrılan vəsait dövlət büdcəsinin 40 faizə, yəni 10 milyarda yaxındır. Bura səhiyyə, təhsil xərcləri, maaşlar, təqaüdlər, müavinətlər daxildir. Bu kifayət qədər böyük bir rəqəmdir. Sadəcə bizdə problem bu vəsaitin normal və şəffaf şəkildə xərclənməsidir. Bu məsələnin texniki və korrupsiya tərəfidir. Vətəndaşlara ayrılan vəsaitin böyük hissəsi yolda əriyir».
Onun fikrincə, ikinci problem Azərbaycanda rəsmi statistikası ilə reallq arasında kəskin fərqin yaşayış minimumda, əmək haqqında özünü göstərməsidir. «Bizdə yaşayış minimumi 196 manat hesablanıb. Bundan çıxış edərək minimal əmək haqqını 250 manat, minimal pensiyanı isə 260 manata yaxın hesablayır. Bu hesablamanın əsasını sovet vaxtından qalan normalar təşkil edir. Azərbaycanın özündə bu sonuncu dəfə 6-7 il əvvəl dəyişdirilib. Dünyada tamamilə fərqli hesablama qaydalarına keçiblər və əgər Azərbaycan da bu qaydalara keçsə, məlum olacaq ki, bizdə əhalinin 80 faizi kasıblıq həddində yaşayır. Rəqəmləri dizayn etməklə hökümət minimum əmək haqqını, pensiyaları həll edir».—0-