Sosial şəbəkənin Azərbaycan seqmentində geniş müzakirə olunan daha bir qəhrəmanın kimliyi və üzləşdiyi acı taleh müəyyənləşib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, acı taleyi yaşayan şəxslər Elnarə Tanrıquliyeva və onun azyaşlı övladıdır.
Belə ki, sosial şəbəkədə təmizlik işləri görən ana obrazı kimi məşhurlaşan E.Tanrıquliyevaya övladının bu prosesdə kömək etməsi onun qəhrəman ana obrazı kimi geniş müzakirəyə çıxması ilə nəticələnib.
Məlum olub ki, Elnarə Tanrıquliyeva bir müddət öncə DOST İş Mərkəzi tərəfindən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmizlik Şöbəsinə işə düzəlib. Sözügedən qurumda qadının anası Aynəzər Tanrıquliyeva da çalışır.
Elnarə adlı qadın əsasən gündüz növbəsində işləyir. Foto çəkilən gün gecə növbəsi işləyən anası Aynəzər Tanrıquliyevanın səhhətində problem yarandığı üçün onu əvəzləməyə məcbur qalıb.
Qadın işə çıxan zaman azyaşlı qızının evdə tək qalmaması üçün onu özü ilə götürüb. Elnarə Tanrıquliyeva həyat yoldaşından ayrılıb. Özü, anası və azyaşlı qızı ilə kirayədə yaşayır.
Süpürgəçi ana və qızının kirayədə yaşaması onların üzləşdiyi çətin durumdan xəbər verir. Üstəlik ananın övladını işə gedən zaman heç yerdə qoymağa yeri olmaması problemin digər tərəfidir. Məsələyə münasibət bildirən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə BAKU.WS-ə bildirdi ki, bu fotodan məlumatım var və 1 iyun tarixində sosial şəbəkədə paylaşılıb:
“Bu, əslində qadınların ümumi problemidir. Ailəli olan, xadimə işləyən və xidmət sektorunda çalışan qadınlar öz uşaqlarını hansısa yerə və mərkəzə yerləşdirməklə bağlı problem yaşayırlar.
Əslində bu tip paylaşılan şəkillərlə bağlı ümumi nəticə ortaya qoyulmalıdır. Bizim təklifimiz də budur ki, sosial xidmətlər tərəfindən müəyyən mərkəzlər yaradılsın ki, gecə növbəsində işləyən analar öz övladlarını ora yerləşdirə bilsin. Bundan başqa həmin anaların iş qrafikləri dəyişdirilə bilər. Adiyyəti qurumlar buna diqqət yetirməlidir.
Bizim diqqətimiz uşaqların qayğı ilə təmin olunmasına yönləndirilməlidir. Hər bir şəklin arxasında bir ailə dramı olur. Bəzən bu tip şəkillərin paylaşılmasının arxasında başqa hallar da ola bilir. Bunu araşdırmaq çox vacibdir”.