Söyüş söyüb, şiddəti təbliğ edənlər niyə bu qədər izlənilir?backend
Cəmiyyət
335

Söyüş söyüb, şiddəti təbliğ edənlər niyə bu qədər izlənilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Görüşə çağırdığı izləyicisini döyən və bunu lentə alaraq yutub kanalında paylaşan yutuber 24 yaşlı “Zevs” (Ruslan Quliyev) bir neçə gündür sosial şəbəkələrin əsas gündəmindədir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən videosu geniş yayıldıqdan sonra 30 sutkalıq həbs edilən “Zevs”ə maraq böyükdür. Belə ki, bu səpkidə videoları ilə populyarlaşan Ruslan Quliyevin rəsmi yutub hesabında yarım milyondan çox abunəçi qeydiyyatdan keçib.

Bəs izləyiciləri Quliyevin şiddət, təhqir, söyüşlərdən ibarət bu görüntülərini niyə izləyir? Axı bu videolarda maarifləndirici və ya tövsiyə xarakterli heç bir məlumat yoxdur…

Daha çox “TikTok”da cəmləşsələr də, digər sosial şəbəkə platformalarına nəzər salanda da R. Quliyev kimi şiddət, zorakılıq, söyüş, spirtli içki, narkotiki təbliğ edən kifayət qədər belə “fenomen”lərə rast gəlmək mümkündür.

Kimisi instaqramda sevgilisi ilə canlı yayıma qoşularaq bir-birini təhqir edir, kimisi atası ilə qeyri-etik ifadələrin yer aldığı videosunu paylaşır, kimisi intim həyatını izləyiciləri ilə bölüşür. Hətta yeniyetmə qızlar həmcinslərini söhbətə çağıraraq onları döydükləri anın görüntülərini yayır. Onları isə yüzlərlə insan izləyir, rəy yazır və hətta həmin şəxslərin ünvanına tənqidi fikirlər səsləndirənlərə qarşı çıxırlar, “qəhrəmanlar”ını müdafiə edirlər.

Bəzi şirkətlər isə bundan faydalanaraq qeyri-etik ifadələr səsləndirən, şiddəti təbliğ edən şəxslərə reklam verir, öz məhsullarını kütləyə tanıdırlar.

Belə bir sual ortaya çıxır: Kütlə bu cür fenomenləri izləməklə nə əldə edir?

 

 

“Qafqazinfo” mövzu barədə psixoloq Vəfa Əkbərlə əlaqə saxlayıb. Psixoloq açıqlamasında həmin sosial şəbəkə ulduzlarına haqq qazandıran şəxslərin valideynlərini günahkar hesab edib:

“Uşaqları bundan heç cür təcrid edə bilmərik. Çünki siz nə qədər təcrid etməyə çalışsanız da, uşaqların daha çox diqqətini cəlb edəcək. 10 uşağa izləməyə icazə verməsəz, 11-ci mütləq baxacaq. Həmin 11-ci yayma qabiliyyətinə malikdir.

Məsələyə başqa cür yanaşmaq lazımdır. Ətrafımızda şiddət, qanunsuzluqlar ola bilər. Sadəcə olaraq uşaqlara münasibət bildirməyi öyrətmək lazımdır. Susmaq, sakit qalmaq və valideynə tabe olmağı yox! Birinci növbədə bizim cəmiyyəti silkələmək lazımdır. Valideynlər uşaqları özlərinə tabe etməyi öyrədir. Beləliklə də uşaq fikir bildirmək, irad tutmaq, hətta üsyan etmək əvəzinə susmağı, qəbul etməyi, göz yummağı seçir. Çünki valideynlər öz ailələrindəki şiddəti normal kimi təqdim edirlər. Artıq uşaq da bu hadisəni normal bir şey kimi qəbullanır. Normal hala gətirdiyimiz şiddəti, zorakılığı “əslində belə olmamalıdır” kimi tərbiyə etsək, hər şey qaydasında olar. Bu günün uşağı sabahın yeniyetməsi, gəncidir. Biz onlara düzgün yol göstərməli, ətrafımızda baş verən şiddətə münasibət bildirməyi öyrətməliyik. Bu olmadığı halda uşağa qadağa qoymaq düzgün deyil. Uşaqların daxilində fenomen halına gəlmiş, doğru olmayan videolar çəkən bloqerlərə qarşı bir fikir formalaşacaq. O zaman həmin şəxslərə maraq azalacaq, fenomenlər də reytinq yığmadığı üçün belə şeylər çəkməyəcək.

Sosial şəbəkələrə girişi bloklamaq, əlindən telefonu almaq əvəzinə özümüzü dəyişək. Özümüzü dəyişsək, ətrafımızda baş verən heç nə qorxulu gəlməyəcək. Niyə bu gün həmin videolara ailəsində şiddət görməyən uşaqlar da baxır, lakin həmin fenomenləri özlərinə idol götürmürlər? Digərləri niyə götürür? Doğru yolu getmək lazımdır. Bizim ən böyük cahilliyimiz odur ki, sosial şəbəkələri qınaq obyektinə çeviririk. Biz ailələrimizə, fərdlərimizə, özünü mükəmməl hesab edən orta nəslin tərbiyə verə bilmədiyi şəxslərə üsyan etməliyik. Bundan sonra hər şey qaydasına düşəcək”.