“Taliban İran və Rusiya ilə qarşı-qarşıya gələcək” – ABŞ-ın yeni Əfqanıstan layihəsibackend
Dünya
352

“Taliban İran və Rusiya ilə qarşı-qarşıya gələcək” – ABŞ-ın yeni Əfqanıstan layihəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Talibanın güclənməsi ABŞ-ın Rusiya və İrana qarşı hazırladığı meqa layihədir. Bir müddətdən sonra belə davam edəcəyi təqdirdə, Taliban İran və Rusiya ilə qarşı-qarşıya gələcək”.
Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ qoşunlarının Əfqanıstandan çıxmağa başlaması ərəfəsində bu ölkədəki Taliban hərəkatının yenidən güclənməsinin arxasında hansı planların dayandığına aydınlıq gətirərkən, politoloq Cümşüd Nuriyev deyib:
“Bu günlərdə Əfqanıstan prezidnti Abdulqani ABŞ Prezidenti Co Baydenlə görüşüb. Görüşdə Bayden üzdə Əfqanıstan hökumətini dəstəkləyəcəklərini bəyan edib.  Amma hələlik heç bir real dəstək verilmir. ABŞ qoşunlarının oradan çəkilməsilə Əfqanıstan yenidən qarışacaq”.
C. Nuriyev bu qənaətdədir ki, Talibanı gücləndirməkdə ABŞ-ın məqsədi sonradan onu Rusiya və İranla üz-üzə qoymaqdan ibarətdir: “Burada əsas məqsəd heç də Əfqanıstanda qarmaqarışıqlıq yaradılmasına hesablanmayıb. Əsas məqsəd Rusiya ilə bağlıdır. Taliban Əfqanıstanda gücləndikcə, Orta Asiya, xüsusən də Rusiya qoşunlarının yerləşdiyi Tacıkistan qarışacaq. Məqsəd də Talibanla Rusiyanı üz-üzə qoymaq və şimal ölkəsini çökdürməyə hesablanıb”.
C. Nuriyev düşünür ki, bu qarşıdurma uzunmüddətli proses üçün nəzərdə tutulub: “Burada dövlətlər arasında müharibə getməyəcək. Sadəcə, çəkişmə Taliban qrupu ilə Tacikstandakı rus hərbi qüvvələri arasında olacaq. Layihə  məhz bu məqsədə hesablanıb və deyərdim ki, siyasi-hərbi cəhətdən uğurlu layihədir. Ona görə də Vaşinqtonun istəyinə uyğun Talibanın getdikcə əvvəlki tək güclənəcəyi gözləniləndir. Bir müddətdən sonra belə davam edəcəyi təqdirdə, Taliban İran və Rusiya ilə qarşı-qarşıya gələcək. Proses uzunmüddətli və ağır olacaq.  ABŞ heç nəyi təsadüfi etmir. Hər şey əvvəlcədən planlaşdırılıb”.

Politoloqun fikrincə, Taliban güclənsə də Əfqanıstandakı Türkiyə qüvvələrilə qarşı-qarşıya gəlməyəcək: “Türkiyə qoşunları Əfqanıstanda ancaq Kabul aeroportunun təhlükəsizliyini qoruyacaq. Qardaş ölkə qoşunları bu işin öhdəsindən gələ biləcək. Çünki Taliban qüvvələri hələlik ancaq kənar ucqar rayonları nəzarətə götürür. Digər tərəfdən, Taliban bu və ya digər formada Pakistanla bağlıdır. Bu ölkədə dövlət səviyyəsində müəyyən qüvvələr Talibana ciddi dəstək verir. Pakistanla Türkiyə isə yaxın dost ölkədir.  Deməli, Türkiyə burada Talibanla ciddi şəkildə üz-üzə gəlməyəcək”.