Azərbayanda Qadın Sahibkarlığı Asossiasiyası (AQSİA) İdarə Heyətinin hesabat yığıncağı keçirilib.
İclasda yeni üzvlər haqqında məlumat verilib, rəsmi web-portalının təqdimatı, sahibkarların problemləri və həll yolları istiqamətində müzakirələr aparılıb. Assosiasiyanın son bir il ərzində gördüyü işlər barədə çıxışlar dinlənilib.
APress.az xəbər verir ki, İdarə Heyəti İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri, Əməkdar jurnalist Mətanət Ağamirlinin AQSİA-nın İcraçı katib vəzifəsinə təyinatı barədə qərar qəbul edib.
Xatırladaq ki, Mətanət Ağamirli 26 ildir ki, aktiv jurnalist fəaliyyəti ilə məşğuldur. Lider TV-nin Türkiyə üzrə təmsilçisi, “Sədadan sonra”, “Mövqe”, “Portretlər silsiləsindən”, “Səda+”, “Gender”, “Səda 24”, “Seçim” kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı vəzifələrində çalışıb. Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olub.
YAP Qadınlar Şurasının nəşri olan “Zəriflik” jurnalının redaktorudur. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist fəxri adı ilə təltif edilib.
Azərbayanda Qadın Sahibkarlığı Asossiasiyası 2017-ci ilin oktyabr ayında (AQSİA) İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis olunub. Hazırda yüzlərlə fəal işgüzar xanımı öz sıralarında birləşdirən qurum Azərbaycanın ən böyük qadın platforması hesab edilir.