İtaliyanın Sardiniya adasındakı bir evin damına 8,5 kiloqram kokain olan çanta düşüb. Məlum olub ki, 9 milyon avro dəyərində olan kokain yanlış ünvana atılıb.
Narkotik vasitəsini yanlış hədəfə atmaqda şübhəli bilinən təyyarə pilotu artıq həbs olunub.
İtaliya mətbuatının yazdığına görə hadisə bu ilin mart ayında baş verib. Bundan sonra başladılan istintaqda təhlükəsizlik qüvvələri bölgədən keçən təyyarələrin qeydlərini araşdırıb. Aylarla davam edən araşdırmalardan və şahid ifadələrindən sonra ötən gün 28 yaşlı pilot Francesco Rizzo həbs edilib. Gənc pilotun narkotikləri əvvəlcədən təyin olunmuş bir nöqtədə alıcılara çatdırmağa çalışarkən təyyarədən dərmanları səhv yerə atdığı təxmin edilir.
Rizzonun 28 martda Romadan bir “Cessna” təyyarəsi ilə Sardiniyaya getdiyi və 20 dəqiqə radardan itərək adanın üzərindən çox aşağı uçduğu müəyyən edilib. Pilotun aşağı uçub çantanı alıcılara çatdırması lazım olan nöqtəni tapmağa çalışdığı, lakin hədəfini qaçırdığı bildirilir.
İtaliyanın Sardiniya adasında ilk dəfə belə bir narkotik tədarükü aşkar edilir. Lakin təhlükəsizlik qüvvələri oxşar tədarükün əvvəllər də təyyarə ilə həyata keçirilə biləcəyindən şübhələnirlər. (musavat.com)