ABŞ-ın eks-prezidenti Donald Tramp rəhbərliyinin 2017-ci ildə “CNN” televiziyasının Pentaqon üzrə müxbiri Barbara Starrın iş və şəxsi telefon nömrəsi ilə danışıqlarını və elektron poçt yazışmalarını toplatdırdığı ortaya çıxıb.
Sfera.az “CNN” televiziyasına istinadən xəbər verir ki, mayın 13-də ABŞ Ədliyyə Nazirliyindən Barbara Starra göndərilən məktubda prokurorluğun 2017-ci ilin 1 iyun – 31 iyul tarixlərində onun şəxsi və korporativ e-poçt və telefon yazışmalarını topladığı bildirilib.
“CNN” müxbirinə qarşı istintaqın nə vaxt və hansı səbəbdən başladıldığı bilinməsə də, nazirliyin məktubunda yazışmaların keçən il məhkəmədə istifadə edildiyi qeyd olunub.
Həmin məhkəmə işi ilə bağlı detallı məlumat verilməyib. Ancaq Starrla bağlı davam edən araşdırma və ya ittihamın olmadığı açıqlanıb.
Telekanalın baş direktoru Ceff Zuker isə Ədliyyə Nazirliyindən məsələ ilə bağlı dərhal açıqlama vermələrini tələb edib.
Qeyd edək ki, Trump administrasiyasının əvvəllər “Washington Post”, “New York Times”, “BuzzFeed” və “Politico” nəşrlərinin Rusiya ilə bağlı araşdırma işi üzrə məsul olan jurnalistlərinin telefon yazışmalarını toplatdırdığı ortaya çıxmışdı.