Xəbər verdiyimiz kimi, türk mətbuatının yazdığına görə, ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamalarına cavab addımı olaraq Türkiyədə ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi “İncirlik” hərbi bazasının bağlanması istisna olunmur. Bu məsələ yaxın günlərdə Türkiyə parlamentində müzakirə oluna bilər.
“İncirlik” bazasının bağlanma ehtimalının olub-olmaması ilə bağlı Publika.az-a açıqlama verən Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirib ki, ölkədəki ABŞ hərbi bazasının bağlanması çox bəsit bir qərar olar və bu, Türkiyənin atacağı son addım ola bilər: “Türkiyə bu mənada verəcəyi qərarları dövlət orqanları ilə qısa, orta və uzun müddətdə dəyərləndirmək durumundadır. ABŞ-ın “İncirlik” hərbi bazasının bağlanması ilə bağlı veriləcək qərar ölkələr arasındakı keçmiş əlaqələrə də ciddi təsirini göstərə bilər. Baza 1974-cü il silah embarqosundan sonra yaradılıb. Dolayısı ilə təmkinli, məntiqli, duyğusallıqdan uzaq, hesablı-kitablı hərəkət edilməsinin vacib olduğunu düşünürəm”.
General qeyd edib ki, Türkiyəyə və türk iş dinamikasına təsir edəcək mənada addımların atılmasına davam edilərsə, Türkiyə də bu mənada 1934-ci ildə imzalanan ABŞ-Türkiyə Müdafiə Əməkdaşlığı Təhlükəsizlik Anlaşması çərçivəsində bəzi maddələri ləğv edə bilər: “Həmçinin, müqavilənin dayandırılması kimi tədbirləri tətbiq edərək ABŞ-a göstərdiyi yardım və dəstəklərə də son qoya bilər. Ancaq bu, son mərhələ ola bilər. Geri dönülməsi mümkün olmayan ani qərarlar iş dinamikası və populizm baxımından duyğusal və havalı qərar olması ilə bərabər, ölkə əlaqələri baxımından da geri dönülməyəcək yaralar aça bilər. Bu, sadəcə bu problemi yaradan və yaratmaqda məqsədi olan insanlara xidmət edər. Təmkinli və ağıllı şəkildə, Türkiyə və Azərbaycanın milli mənfəətlərini düşünərək qərarların verilməsi və bu qərarların da mərhələli şəkildə qəbul olunması daha önəmlidir”.