APress.az Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr Ofisi məlumat yayaraq sənədin mahiyyəti dəyişdirildiyi üçün hökumətin çıxmağa qərar verdiyini açıqlayıb.
Rəsmi Ankara açıqlamasında qadın hüquqlarının qorunması konvensiyasının ilkin məqsədinin homoseksuallığı normallaşdırmağa çalışan bir qrup şəxs tərəfindən manipulyasiya edildiyinə diqqət çəkib. Qeyd olunub ki, bu, Türkiyənin sosial və ailə dəyərləri ilə uyğun gəlmir.
Razılaşmadan çıxmağın qadın hüquqlarının qorunması sahəsində siyasətə xitam verilməsi demək olmadığı qeyd olunub. Həmçinin, Türkiyənin artan zorakılıq halları ilə mübarizə aparacağı, islahatlara diqqət yetirəcəyi və bu sahədə sıfır tolerantlıq prinsipini rəhbər tutacağı bildirilib.
Türkiyə müvafiq sənəddəki imzasını 20 martda geri çəkib, hökumət isə qadın hüquqları üçün ənənəvi dəyərlərinə uyğun olaraq mübarizə aparacağını bildirib.
Qeyd edək ki, qadına qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiya 2011-ci ildə qəbul edilib. Sənəd psixoloji, fiziki və cinsi zorakılıq, məcburi abort, evlilik və sterilizasiyanı cinayət məsuliyyəti olaraq təyin edir. Sənəd 47 dövlət tərəfindən imzalanıb, ancaq bunlardan 33-ü tərəfindən təsdiq edilib.