Türkiyədə yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirləri çərçivəsində növbəti “Evdə qal!” rejiminə start verilib. Ənənəvi həftə sonu tətbiq olunan budəfəki məhdudiyyət 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı ilə əlaqədar olaraq aprelin 22-də Türkiyə vaxtı ilə 19.00-da (Bakı vaxtı ilə 20.00) qüvvəyə minib.
APress.az xəbər verir ki, budəfəki “Evdə qal!” rejimi aprelin 26-da yerli vaxtla saat 5.00-dək qüvvədə olacaq. Gələn həftənin ilk beş günü isə qismən qapanma tədbirləri çərçivəsində “Evdə qal!” məhdudiyyəti saat 19:00-dan səhər saat 05:00-dək tətbiq ediləcək.
Qeyd edək ki, Türkiyədə COVID-19 virusuna qarşı mübarizə tədbirləri çərçivəsində məhdudiyyətlər Ramazan ayı boyunca nisbətən sərtləşdirilib. Buna baxmayaraq, hazırda ölkə üzrə kütləvi yoluxma, gündəlik ölüm halında və ağır xəstələrin sayında dinamik artım davam edir.