Türkiyənin sosial media seqmentində canlı yayımda etdiyi çıxışda Həcər Qaraağaca adlı qadına xitabən “Sonun Özgecan Aslan kimi olacaq” deyən Azərbaycan vətəndaşı Samir Balakişiyevin məhkəmə işi keçirilib.
Türkiyənin “Hürriyyət” nəşri xəbər verir ki, video sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra Kiber Cinayətlərə Qarşı Mübarizə İdarəsinin Virtual Patrul qrupları faktla bağlı əməliyyat başlayıb və Samir Balakişiyevi həbs edib.
Məhkəmədə Samir Balakişiyev təhdidləri şou yaratmaq və izləyici kütləsi yığmaq məqsədilə etdiyini, daha sonra isə etdiyi hərəkətə görə H.Qaraağacdan üzr istədiyini bildirib.
Məhkəmə Samir Balakişiyevə bir il üç ay müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarsa da, hökmün icrasını təxirə salıb.
Məhkəməyə qatılan H.Qaraağac müttəhimi bağışladığını və şikayətçi olmadığını açıqlayıb. Buna görə də şübhəli sərbəst buraxılıb.
Xatırladaq ki, Çağ Universitetinin 20 yaşlı tələbəsi Özgəcan Aslan 2015-ci ilin fevralın 11-də dərsdən evə qayıdarkən Mersin şəhərində marşrut sürücüsü tərəfindən təcavüzə uğrayaraq vəhşicəsinə qətlə yetirilmişdi.
Bu hadisə ölkə ictimaiyyəti tərəfindən böyük etirazla qarşılanmışdı.