Türkiyədə artıq vətəndaşlara üçüncü doza vaksinin vurulma məsələsi gündəmdədir. Bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir, kimisi ehtiyacın olduğunu, kimisi isə tam əksini düşünür.
Maraqlıdır, dünya ölkələrində peyvəndin üçüncü dozası ilə bağlı hansı fikirlər var?
Sfera.az bildirir ki, bununla bağlı İngiltərədə artıq bir müddətdir müzakirələr gedir. Koronavirusun müxtəlif ştammları “üçüncü doza” mövzusundakı araşdırmaları sürətləndirib. Hökumət artıq tədqiqatlar üçün fərqli yaş qruplarından olan 3 minə yaxın könüllüyə vaksinin üçüncü dozasını vurmaq fikrindədir. Soutamfon Universitetinin elm adamları bu istiqamətdə həmin şəxslərə “AstraZeneca”, “Pfizer”, “Moderna” da daxil olmaqla, 7 fərqli peyvənddən birinin üçüncü dozasını tətbiq edəcək.
Fransada artıq aprel ayında ciddi şəkildə immunitet çatışmazlığı yaşayan şəxslərə üçüncü dozanın tətbiq ediləcəyi elan edilib. Qeyd olunub ki, bəzi xəstəlikləri olan qruplara “Pfizer”, “BioNTech”, “Moderna” kimi vaksinlərin üçüncü dozası, ikinci dozadan 4 həftə sonra vurulacaq.
Almaniyada Robert Kox adına Alman Viroloji İnstitutunun peyvənd məsələləri üzrə daimi komitəsinin sədri Tomas Mertens yerli mətbuata açıqlamasında gələn il vaksinin üçüncü dozasının tətbiq edilə biləcəyini deyib.
Birləşmiş Ərəb Əmirliklərində isə, ötən ay Çin vaksinlərindən istifadə edən şəxslərə üçüncü dozanın da vurula biləcəyi ehtimalından söz açılıb. Bundan əvvəl də, immunitet qazana bilməyən bəzi şəxslərə üçüncü dozanın tətbiq ediləcəyi bildirilmişdi.