“Bölgələrdən paytaxta təhsil almaq üçün gələn tələbələrin üzləşdiyi ən böyük problem evsizlikdir”.
Bunu Sfera.az-a açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib. O bildirib ki, Bakıda mənzillərin kirayə qiyməti çox yüksəkdir və bu evləri kirayələmək hər bir tələbə üçün əlçatan deyil:
“Mərkəzə yaxın ərazilərdə 1 otaqlı mənzilin kirayə qiyməti 250 – 300 manat olduğu üçün bir otaqda iki tələbə deyil, məcburən dörd və ya beş tələbə yaşayır. Bu cür sıxlıq isə onların təhsilinə mənfi təsir göstərir. 2016-cı ildən başlayaraq davam edən pilot layihələr səbəbindən paytaxtdakı əksər köhnə tikili binalar sökülərək yeniləri ilə əvəzlənir. Bu səbəbdən ucuz kirayə mənzillər artıq dövriyyədən çıxmış olur. Tələbələr məcburən şəhər kənarında evlər kirayələsələr də, bu, onların vaxtının çoxunun yollarda itirilməsinə səbəb olur.
Azərbaycanda, xüsusən də paytaxt Bakıda yeni tikili binalarda qiymətlərin əlçatan olmamasının başlıca səbəbi torpaq sahələrinin bahalığıdır. Bu gün Sovet dövründən qalmış tələbə yataqxanaları istismar müddətini çoxdan bitirib və yaşayış üçün yararsızdır. Lakin onların yerləşdiyi ərazilər və yataqxanalara məxsus olan torpaq sahələri tikinti normativlərinə uyğun yeni hündürmərtəbəli yataqxanaların tikilməsinə imkan verir. Tikintinin maya dəyərinə nəzər salsaq, 1 kv/metr yeni tikili binanın sadəcə tikinti xərci 300-350 manat arası dəyişir. Normal təmirin 1kv/metrinin dəyəri isə istifadə olunacaq materiallardan asılı olaraq, 200-250 manat arası dəyişir. Yəni, 1 kv/metr təmirli mənzilin maya dəyəri təxmini 550-600 manata başa gəlir. Bura torpaq sahəsinin qiyməti və digər xərclər daxil deyil”.
Ekspert həmçinin yataqxanalarla bağlı təhsil naziri Emin Əmrullayevə də müraciət edib. O qeyd edib ki, bu gün tələbələr üçün yeni hündürmərtəbəli, tam təmirli yataqxanalar tikmək, şəhərciklər salmaq və onları minimal qiymətlə icarəyə vermək həm tələbələrin yataqxana problemini aradan qaldırar, həm də onu tikdirən təhsil müəssisələrinə hər ay külli miqdarda gəlir gətirmiş olar:
“Köhnə yataqxana normativlərinə nəzər salsaq, 12 kv/metrlik bir otaqda iki tələbə qalırdı. Bu günkü bazar dəyəri ilə hesablasaq, 12 kv/metrlik təmirli iki tələbəlik bir otaq təxmini 7200 manata başa gəlir. Hər ay tələbə 50 manat ödəməklə, hər otağa 100 manat kirayə pulu ödəmiş olur. Bu isə o deməkdir ki, həmin yataqxanaların tikintisinə yatırılmış sərmayə 6 ilə geri dönüş edir və uzun illər boyu onu tikdirən ali təhsil müəssiələri o yataqxanalardan gəlirlər əldə edirlər. Həmin gəlirlərlə həm yataqxanaların saxlanılma və işçi xərclərini, həm də müəllimlərin maaşlarını artırmaq mümkündür”.