Ukraynada 100 min əsgərin döyüş əmri gözlədiyi açıqlanıb.
Sfera.az xəvər verir ki, Ukrayna Baş Qərargah rəisi, general-polkovnik Ruslan Homçak ölkəsində 100 min əsgərin müharibəyə hazır olduğunu açıqlayıb.
Ruslan Homçak bu haqda Donbasda gərginliyin artması fonunda dünən 2 Ukrayna əsgərinin həyatını itirməsi ilə əlaqədar danışarkən bildirib. O, bundan əvvəl parlamentdəki çıxışında Rusiyanın hərbi təlim bəhanəsi ilə Ukrayna sərhədləri yaxınlığına qoşun göndərdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Donbas bölgəsindəki böhranın həlli ilə əlaqədar Rusiya, Ukrayna və ATƏT-dən ibarət Üçlü Təmas Qrupu 2020-ci ilin 27 iyulundan etibarən hərtərəfli atəşkəs qərarı vermişdi.
Rusiyapərəst separatçıların martın 26-da Donbas bölgəsində atəşkəsi pozmasından və nəticədə 4 Ukrayna əsgərinin həyatını itirməsindən sonra iki ölkə arasındakı gərginlik pik həddə çatıb.