Qondarma Luqansk Xalq Respublikasının (LXR) kəşfiyyatı Donbasdakı təmas xəttində yerləşən yaşayış məntəqələrinə Ukrayna tanklarının toplnadığını qeydə alıb.
Sfera.az-ın məlumatına görə, bu barədə RİA “Novosti” LXR xalq milisinin mətbuat xidmətinə istinadla məlumat verir.
Məlumata görə, təhlükəsizlik qüvvələri Rubejnoye yaşayış məntəqəsində ən azından 17 ədəd T-72B tankı yerləşdirib. İyunun 11-də isə həmin ərazidə onlarla 2S1 “Qvozdika” və 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, həmçinin 12 ədəd T-64 tankı aşkar edilib.
Qeyd edək ki, aprelin 10-da Rusiya Raket və Artilleriya Elmləri Akademiyası Prezidentinin informasiya siyasəti üzrə müavini, hərbi elmlər doktoru Konstantin Sivkov Ukraynanın yüzlərlə müharibəyə hazır tanka sahib olduğunu bildirmişdi.
“Kiyev 450-500 ədədə yaxın tankı döyüş vəziyyətinə gətirə bilər. Bunlar əsasən T-64 və T-72, eləcə də elə həmin T-64 bazasında hazırlanan ən yeni model Ukrayna tanklarıdır. Yaxınlaşan döyüş əməliyyatları teatrının xüsusiyyətlərini nəzərə alaraq, deyə bilərik ki, bu tanklardan 300-320-yə qədəri DXR (red. qondarma Donetsk Xalq Respublikası) na qarşı, qalan 150- 180 ədədi isə Luqansk istiqamətinə yönləndirilə bilər”,-deyə müəllif yazır.
Xatırladaq ki, Donbasdakı silahlı qarşıdurma altı ildən çoxdur davam edir. 2014-cü ilin aprelində Ukrayna hakimiyyəti mərkəzi hökumət dəyişikliyindən sonra Kiyevdən ayrıldığını elan edən qondarma DXR və LXR-na qarşı hərbi əməliyyata başladı. Ukrayna Rusiyanı Donbasın bir hissəsini işğal etməkdə və separatçılığı dəstəkləməkdə günahlandırır. Moskva Kiyevin iddialarını rədd edir.