Bu gün yeni koronavirus ştammlarının yayılması peyvəndlənmə sürətini üstələyir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus brifinqdə danışıb. O bildirib ki, ölkələr arasında peyvəndin qeyri-bərabər şəkildə paylanması davam edərsə, koronavirusla mübarizədə elmi irəliləyişin əldə olunması mənasızdır:
“COVID-19 ştammları yüksək yoluxuculuq qabiliyyətinə görə vaksinlər üzərində qələbə çalır. Vaksinlərin istehsalında və paylanmasında yaranan bərabərsizlik səbəbindən ştammlar dünyada sürətlə yayılır”.
“Vaksin millətçiliyi”ni tənqid edən Tedros Adhanom Qebreyesus qeyd edib ki, yoxsul ölkələr vaksinsiz qalıb. O, bir sıra dövlətlərin epidemioloji təhlükəsizlik tədbirlərini vaxtından əvvəl zəiflətdiyini deyib. Qebreyesus COVID-19 pandemiyasının hələ bitmədiyini və bir çox bölgədə yoluxmalarda kəskin artım olduğunu da xatırladıb.
ÜST rəhbəri Hindistan, Afrika və Latın Amerikasında oksigen və tibbi avadanlıqların çatışmazlığına diqqət çəkib: “Psixoloji, epidemioloji, iqtisadi baxımdan dünyanın birləşmək və pandemiyanı birlikdə həll etmək vaxtı gəlib”.