İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın yaşadığı ev qazlaşdırılıb.
Bu barədə APress.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Şəhid Arəstə Baxışovanın ailəsi Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayır. Evlərində bu günədək təbii qazdan istifadə edilməyib. Evi yalnız elektrik enerjisi ilə çətinliklə isitməyə çalışıblar, lakin bu o qədər də yaxşı alınmayıb.
Məlumatda qeyd olunur ki, şəhid hərbçimizin ailəsi bununla bağlı “Azəriqaz” İstehsalat Birliyinə (İB) müraciət etməyib:
“Bu barədə bizə müraciət olunmasa da “Azəriqaz” İB-nin əməkdaşları problemdən xəbər tutaraq ailəyə baş çəkib. Razılıqlarını aldıqdan sonra fərdi yaşayış evində qazlaşma işlərinin aparılmasına başlanılıb”.
Xatırladaq ki, A.Baxışova sentyabrın 27-dən başlayan döyüşlər zamanı hərbçilərə tibbi yardım göstərilmək üçün cəbhəyə yollanıb. Bir neçə istiqamətdə qorxmadan, yorulmadan vəzifəsini icra edib. O, noyabrın 24-də yaralı hərbçiləri döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəlib.
Arəstə Baxışovanın Zəhra və Mərdan adlı iki övladı var.