“Xəzər TV”-də aparıcı Lalə Azərtaşın Tarif Şurasının qazın qiyməti ilə bağlı qərarından danışmasını yalnız sosial şəbəkələrdə müzakirə ediləndən sonra izləyə bildim və doğrusu, heyrət etdim. Niyə?
Çünki demək olar ki, bütün onlayn media “qazın qiyməti qalxdı”, “qaz bahalaşdı” başlığından və şərhindən imtina etdiyi, Tarif Şurasının qarışıq açıqlamasını necə təqdim etmək barədə bir qərara gələ bilmədiyi anda Lalə Azərtaşın hökumət kanalından bu cür açıq, meydanoxuyurcasına sözləri nəinki peşəkarlıq, hətta kifayət qədər cəsarət tələb edir.
Azərtaşın ilk sözünə baxın: “Deyirəm ki, artıra-artıra gedirik, indi də qazın qiymətini artırdıq…”
Bunun ardınca isə heç gözləmədiyim halda sarkazm, satira başlayır və Azərtaş sözün hər mənasında Azərbaycan mediasında çoxdan unudulmaqda olan Mirzə Cəlil ənənəsi ilə olayı qiymətləndirməyə çalışır, Tarif Şurasının qərarının əhalini hansı hala salacağına toxunur…
Hələ intonasiya, mimika və jestlər… Lalə Azərtaş televiziyanın informasiya və fikrin çatdırılmasında verdiyi üstünlüklərdən “sui-istifadə” edib, gözəl bir söz-jest-intonasiya-mimika kompozisiyası yaratmağı bacarıb, bahalaşma qərarını hədəf seçib və istəyinə də nail olub.
Doğrusu, sözügedən süjet-replikaya baxanda ilk ağlıma gələn o oldu ki, kanal rəhbərliyi hökumətin siyasətinə bu cür meydanoxumaya görə Azərtaşı cəzalandıracaq. Hansısa adi “bahalaşma” xəbəri efirə verilsəydi, Tarif Şurası üçün Azərtaşın ironiyasından “minqat” yaxşı olardı. Azərtaş isə bütün ictimai-sosial reaksiyanı satira ənənəmizin ən sərt üzü ilə TŞ-nin sifətinə çırpmışdı.
Ən radikal media qurumunun özü L.Azərtaş qədər daha lakonik, daha sərrast, daha intellektli və daha acı etiraz bildirməyi bacarmayıb. Əgər Xəzər TV rəhbərliyi bu süjetdə Azərtaşın mövqeyinə görə sərt tədbirlərə əl atmayıbsa, onda bu kanal haqda artıq demokratiya və azad sözdən ürəklə danışmaq lazım gəlir. Sadəcə, eşq olsun Xəzər TV-yə və onun ənənəmizi yaşadan cəsarətli əməkdaşına!
Azərtaşın bu sarkazmı birmənalı dəstəklənməli idi. Bəs, niyə tənqid olundu?
Bunu heç cür anlamaq mümkün deyil. L.Azərtaş özü deyir ki, süjetin girişi-çıxışı kəsilib, ifadələri kontekstdən çıxarılıb, ona görə!
Boş şeydir – o süjet ayrı-ayrı cümlələr şəklində təqdim edilsə belə, yenə də Azərtaşın kinayə-ironiya-sarkazmı açıq-aşkar görünür. Çünki adam bütün sözlərdə vurğuları xüsusi seçir, hər sözü sarkazmla işlətdiyi intonasiyasından aydınca sezilir.
Bəs nə olub sizə?
Azərtaşın ironiya ilə qazın qiymətinin “gecə-gündüzə” bölünməsi barədə artıq sarkazmın kuliminasiyasına qalxan ritorikasında işlətdiyi “mürəbbəni gecə bişirin, həm ağzınız, həm cibiniz dada gəlsin” sözündən yapışıb, mövzunu, hədəfi bir kənara qoyub, “cib də dada gələrmi” deyə, o xanımı lağa qoymaqdansa, savadsızlığınızdan xəcalət çəkin, gedin klassikləri oxuyun, metafora, metamarfoza, bənzətmə, təşbeh, istixarə… haqda məlumatlanın, sarkazm, satira, yumorun nə demək olduğunu anlayın ki, belə qarşılaşdırılmaları eşidəndə “başınıza hava gəlməsin”.
Yeri gəlmişkən, “başa hava gəlmək” ifadəsini qəsdən, həm də dırnaq içərisində fərqləndirmək üçün işlətdim ki, “ağzınız kimi, cibiniz də dada gəlsin” qarşılaşmasından heyrətə gəlməyinizi müqayisə etmək fürsətiniz olsun. “Başa necə hava gələ bilər?” Sizin məntiqinizlə, bu ifadə də “savadsızlıq nümunəsi” kimi tənqid edilməlidir.
Öz kin və nifrətinizi fərqli formada ifadə edin, elə yanaşma sərgiləyin ki, savadsızlığınız daha az gözə girsin.
O ki qaldı Azərtaşa – çox təəssüf, bu xanımı nə bu vaxta qədər izləmişəm, nə də tanıyıram.
Sağ olun ki, Azərtaşa bir tamaşaçı da qazandırdınız. Bundan sonra bu peşəkar xanımı mütləq izləməyə çalışacam…
Axar.az