Məni bu yazını yazmağa vadar edən bizim vətəndaşlarımızın dənizdə istirahət etmək üçün başqa ölkələrə üz tutmasıdır. Əgər insanlar bilsələr ki, Xəzər dənizinin qumunun nə qədər faydaları var, heç yerə getməzlər.
APress.az xəbər verir ki, məşhur naturopat, fitoterapevt həkim Füzuli Hüseynov Xəzər dənizi çimərliklərinin qumunun bədənə və orqanizmə təsiri barədə açıqlama verib.
“Xəzər dənizinin qumu qızılı-qırmızı kvars qumundan ibarətdir. Bu nə deməkdir? Biz Xəzər qumu ilə qonşu Rusiya, Gürcüstan və Türkiyənin dəniz sahillərindəki qumu müqayisə etsək, görərik ki, Xəzər dənizinin sahilindəki qum dənələri çox kiçik ölçüdə olub güclü hiqroskopik xüsusiyyətə, yəni suyu hopdurmaq qabiliyyətinə malikdir.
Kvars qumu dəri ilə demək olar tam təmasa girir, dərinin bütün səthini örtür, özünün yığdığı günəş enerjisini çox asanlıqla bədənimizin daxilinə ötürür, dərialtı mübadiləni sürətləndirir, dərialtı kapilyar damarları genişləndirir, bununla da bütün iltihabi xəstəliklərin (revmatizm, artritlər, nevritlər və.s.) sağalmasına səbəb olur, limfa damarındakı durğunluğu, miozitləri (tez-tez qulunc olma) aradan qaldırır, sonra isə özünün hiqroskopik xüsusiyyəti sayəsində bizim bədənimizi tərləməyə məcbur edir. Bədənimizin artıq tullantılarını özünə hopdurur.
Siz bu xüsusiyyətləri Xəzər qumundan başqa heç bir dənizin qumunda tapa bilməzsiniz. Xəzər dənizinin qumunu əlinizə alın, islaq vəziyyətdə üzünüzə, qolunuza, ayaqlarınıza çoxlu sürtün, həm dəriniz canlanacaq, həm də hamarlanacaq, yəni təbii şəkildə pillinq olunacaq, bu üsul sellülitin müalicəsi üçün də əla vasitədir. Bu da yalnız Xəzər qumuna aid xüsusiyyətdir.
İmkanı olan şəxs səhər saat 12-yə qədər, axşam saat 6-dan sonra dəniz qırağında gəzməyə adət etsin. Uşaqlarınızı da tez-tez aparmağa çalışın, dəniz qırağının havası ilə şəhərin havası arasında çox fərqlər var.
Dəniz havası oksigen, maqnezium, yod, brom, natrium, kalium, kalsium və s. ilə olduqca zəngindir. Dərindən nəfəs alan zaman bunlar bizim ağciyərlərimizə daxil olur, oksidləşmə-reduksiya prosesini sürətləndirir (ona görə dəniz qırağında adam tez acır) və orqanizmin həyat qabiliyyətini artırır. Xəzərin həm havası, həm də qumu D vitamininə olan tələbatı təmin edir ki, bu da raxit xəstəliyinin qarşısını almaq üçün ən yaxşı vasitədir.
Ələt və Pirşağıda qırmızı kitaba düşmüş qırmızı kvars qum var ki, bu qum sağlamlıq üçün daha uyğundur./Medicina.az/