Rusiya sülhməramlı kontingentinin Humanitar Minalardan Təmizləmə Bölmələrinin heyəti Dağlıq Qarabağ ərazisini partlayıcı obyektlərdən təmizləmək üçün işlərini davam etdirir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Məlumat və Kütləvi Kommunikasiya Departamenti bildirib.
Qeyd olunub ki, sutka ərzində Ağdərədə 12 ədəd 152 mm çaplı top mərmisi zərərsizləşdirilib.
Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1690 hektar ərazi, 525 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla, 1613 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 237 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.
Aşkarlanan sursatlar xüsusi təchiz olunmuş Xocalının Ballıca bölgəsindəki təlim poliqonuna çıxarılaraq məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar partlayış əməliyyatları üçün lazımi bütün təhlükəsizlik tədbirləri ilə yerində zərərsizləşdirilib.
Nazirliyin əməkdaşları Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilmiş erməni hərbi texnikasının qalıqlarını da görüntüləyib.