Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçirildi. Əslində bu, gözlənilən idi. O səbəbdən ki, ölkədə bütün sahələrdə aparılan dəyişikliklər YAP-dan yan keçə bilməzdi və hakim partiyanın “köhnə şinel”dən xilas olması tarixi zərurət idi. İqtidarın siyasi elitası dəyişməli, partiyanın aynası rolunda çıxış edən “vitrin” yenilənməli idi.
Bəzi ekspertlər partiyanın rəhbərliyində ciddi dəyişikliklərin olmadığını, kosmetik dəyişiklərin baş verdiyini iddia etsələr də, görünən odur ki, kifayət qədər ciddi dəyişiklər baş verib. Yaxud partiyada dərin islahatların bünövrəsi atılıb. YAP-ın 4 sədr müavinindən ikisi – Akif Əlizadə və Əli Həsənov vəzifəsindən azad edildi. Onlar nəinki yenidən sədr müavini ola bilmədilər, qurultaylararası dövrdə YAP-a rəhbərlik edən quruma – İdarə Heyətinə də seçilmədilər. Yəqin ki, partiyanın rəhbər orqanlarından xaric ediləcək şəxslərin siyahısı uzun olacaq. İcra katibliyi insitutu ləğv edilib və Mərkəzi Aparatla əvəzlənib. Mərkəzi Aparatın isə yalnız sədrinin adı ictimaiyyətə məlumdur. Artıq müəyyən struktur islahatların həyata keçiriləcəyi, misal üçün Qadınlar Şurasının fəaliyyətinə xitam veriləcəyi, onun müvafiq şöbə qismində fəaliyyət göstərəcəyi rəsmi şəkildə etiraf olunub.
Bu günə qədər hakim partiyanın faktiki idarəçiliyini həyata keçirən Əli Əhmədov da proseslərdən kənarda qoyulub. Düzdür, o yenidən sədr müavini təyin edilib. Amma partiyanın icraçı direksiyası ona yox, digər sədr müavini, partiya Mərkəzi Aparatının yeni rəhbəri olaraq Tahir Budaqova həvalə edilib. Güman ki, Əli Əhmədovun YAP rəhbərliyində təmsilçiliyi nominal xarakter daşıyacaq, yəni bu müavinliyin Akif Əlizadə və Əli Həsənovun müavinliyindən heç bir fərqi olmayacaq. Necə ki, A.Əlizadə və Ə.Həsənovun YAP sədrinin müavinləri olaraq heç bir xüsusi fəaliyyətləri nəzərə çarpmadı. Digər Əli Həsənovun, Siyavuş Novruzovun, Hacıbala Abutalıbovun, Abel Məhərrəmovun, Nizami Xudiyevin və digərlərinin yenidən İdarə Heyətinə seçilməməsi, eyni zamanda Siyasi Şuranın ləğv edilməsi ilə çoxlu YAP funksionerinin prosesdən kənarda qalması partiyanın fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı sayıla bilər.
Göründüyü kimi, YAP-ın qurultayının keçirilməsində əsas məqsəd partiyanın yenilənməsi idi və güman ki, mərhələli şəkildə buna nail olunacaq. Azərbaycan iqtidarı ciddi narazılıq yaratmadan, tədricən dəyişmək yolunu tutub. Ötən il biz bunu növbədənkənar parlament seçkilərində müşahidə etdik. Bir neçə gün öncə isə Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayında da bu fakt tam çılpaqlığı ilə ortaya çıxdı. Qarşıdakı dövrdə partiyanın strukturları ilə yanaşı, rayon təşkilatlarında və ilk ərazi təşkilatlarında da islahatlara start veriləcək. Ehtimal ki, bu islahatların məntiqi nəticəsi olaraq bir müddət sonra Yeni Azərbaycan Partiyası daha bir növbədənkənar qurultay keçiriləcək və yekunda iqtidar partiyası tam mənada islahatçı qüvvələrin nəzarətinə keçəcək. Son bir il ərzində Azərbaycanda gözlənilməz və sürətli qərarların qəbulu isə yaxın gələcəkdə ölkədə hansısa mühüm hadisənin baş verəcəyini göstərir. Sanki atılan bütün addımlar bu prosesə yönəlib. Görünür, nəsə baş verir. Hələlik isə bu barədə danışmaq tezdir.
YAP-ın qurultayında diqqətçəkən məqamlardan biri də altı partiyanın kollektiv şəkildə hakim partiyaya qoşulması ilə bağlı qərar vermələri oldu. Bir çoxları nəinki bu partiyaların, əksər partiyaların siyasi proseslərə təsir imkanlarının zəif olduğunu əsas gətirərək, qoşulma qərarının YAP-ın qurultayını rəğbətləndirmək naminə atılan addım olduğunu bəyan etdilər. Lakin görünən odur ki, adıçəkilən partiyaların əksəriyyəti vaxtilə aktiv siyasi fəaliyyətlə məşğul olublar və ölkənin ilk qeydiyyatdan keçmiş partiyalarıdır.
Azərbaycan Kəndli Partiyasının rəhbəri Feyruz Mustafayev olub. O Feyruz Mustafayev ki, Baş nazirin birinci müavini vəzifəsində çalışıb və Baş nazirin səlahiyyətlərini icra edib. Eyni zamanda Qaçqınlar komitəsinin sədri və Taxıl Məhsulları Dövlət Şirkətinin prezidenti işləyib. Düzdür, onun vəfatından sonra son illər bu partiya faktiki olaraq fəaliyyətsiz idi, ancaq tarixi baxımdan əhəmiyyətli partiyalardan biri idi.
Azərbaycan Demokratik Sahibkarlar Partiyasını Mahmud Məmmədov ərsəyə gətirib. Ölkədə sahibkarların birləşdiyi ilk siyasi platforma olan bu partiyanın qurucusu həm də “Günay Bank”ın sahibi və sonradan fəaliyyətinə xitam verilən ilk özəl televiziyalarından birinin – “BMT TV” nin təsisçisi idi. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da vaxtilə bu partiyanın rəhbərliyində təmsil olunduğu deyilir. M.Məmmədovdan sonra bu partiyaya Qasım Qasımov rəhbərlik etsə də, faktiki olaraq bu siyasi təşkilat fəaliyyətsiz idi. Nəzərə alanda ki, partiya əsasən iqtisadi yöndə ixtisaslaşıb və Q.Qasımovun bu günə qədər aktiv siyasi fəaliyyəti müşahidə edilməyib, bu partiyadan da gözləntilər böyük deyil.
Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu 1992-ci ildə keçirilən prezident seçkilərində namizəd olub. Onun rəqibi və seçkilərin qalibi Əbülfəz Elçibəy mətbuata açıqlamasında demişdi ki, o özünə deyil, Rafiq Turabxanoğluna səs verib. Bu açıqlama o zaman böyük rezonans doğurdu və R.Turabxanoğlu cəmiyyətdə populyarlıq qazanmağa başladı. Lakin R.Turabxanoğlu artıq kifayət qədər yaşlanıb və onun yeni siyasi sistemə inteqrasiya edəcəyi gözlənilən deyil.
Yurddaş Partiyası Azərbaycan müxalifətinin ən fəal partiyalarından olub. Partiyanın sədri Mais Səfərli 33 saylı Xətai seçki dairəsindən Milli Məclisin deputatı olub. Bir neçə ay öncə koronavirus səbəbindən dünyasını dəyişib və vəfatından sonra partiyanın rəhbərliyinə bacısı gətirilib. Bu partiyanın M.Səfərlinin vəfatından sonra öz missiyyasını başa vurduğu güman edilir.
Milli Hərəkat Partiyasının sədri Samir Cəfərov müxtəlif iqtidaryönlü siyasi birliklərdə təmsil olunub və müstəqil partiya rəhbəri olsa da, əsasən iqtidarı müdafiə etməklə diqqət çəkib. Ana Vətən, Sosial Rifah, Demokratik Maarifçilik və s. partiyalar kimi. Lakin bu partiyanın sədri S.Cəfərov son dövrlər siyasi fəaliyyətinə ara vermişdi. Bunun əsas səbəbi onun yaşlanması və əsas diqqətini elmi fəaliyyətinə yönəltməsi ilə bağlıdır. Bu mənada onun da yenidən aktiv siyasi fəaliyyətə qayıdacağı gözlənilmir.
Milli Qurtuluş Partiyasının sədri Vüqar Oruc bu partiya sədrliyinə gələnə qədər ölkənin ən böyük gənclər təşkilatlarından olan – “Türk Millətçi” Gənclər Təşkilatına rəhbərlik edib. Bu təşkilatda hazırda yüksək dövlət vəzifələrində çalışan, diplomatik korpuslarda, ictimai birliklərdə, mətbuat orqanlarında söz sahibi olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxlu sayda nüfuzlu simalar təmsil olunub. Partiya sədri olaraq dövrünün ən məşhur siyasi platforması sayılan – “Bizim Azərbaycan” blokunun yaradıcılarından biri və sonradan rəhbəri olub. Əslən Cənubi Azərbaycandan olan Vüqar Oruc son dövrlər müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavinidir.
İddialara görə, 45 yaşlı keçmiş partiya sədri son dövrlər iqtidarı müdafiə edərək, açıq şəkildə islahatçı komandanı dəstəkləyirdi. Bu xüsusda onun YAP rəhbərliyində irəli çəkilməsi gözləniləndir. O səbəbdən ki, digər partiya sədrlərindən fərqli olaraq Vüqar Oruc gəncdir və həm iqtisadi, həm də siyasi sahədə təcrübə qazanıb. Eyni zamanda qeyd etdiyimiz kimi, son dövrlər islahatçı komandanı dəstəkləyirdi və YAP-a qoşulma qərarını da məhz bu səbəbdən verdiyi idia olunur.
Bütün hallarda Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultay qərarı gözlənilən idi. Çünki Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan siyasi sistemi yeni modelə transformasiya olunur və bunun əyani təzahürləri ortadadır. Müxalif deputatların Milli Məclisin rəhbərliyində yer alması da dövlət başçısının istəyi ilə baş verirdi. Çünki Parlamentdə çoxluq onun rəhbəri olduğu partiyaya məxsusdur. Və məhz bu çoxluq müxalif deputatların parlament rəhbərliyinə gətirilməsini dəstəklədi. Prezident Adminstrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılmsı, şöbənin rəhbərliyinə dövlət idarəçiliyində böyük təcrübəyə malik Ədalət Vəliyevin gətirilməsi, partiyalarla davamlı əlaqələrin qurulması, yeni siyasi sistemin xəritəsinin cızılması hakim partiyanın da fəaliyyətinə təsirsiz ötüşməməli idi və son qurultay qərarı digər səbəblərlə yanaşı, həm də bu məqamla bilavasitə bağlıdır.
Yeni Azərbycan Partiyasında təkcə şəxslərin əvəzlənməsi yox, həmçinin instusional islahatlar həyata keçirilməlidir. Bu islahatlar partiyanın cəmiyyətdə mövqeyinin güclənməsinə, üzvlər arasında mükəmməl kordinasiya mexanizmlərinin tətbiqinə, eyni zamanda yeni simaların rəhbərliyə gətirilməsində öz əksini tapmalıdır. Heç bir oliqarx-məmurun yanında yer almayan, hansısa kənar təsirlərin diqtəsi ilə deyil, məhz insanların qabiliyyətinə və fərdi bacarıqlarına görə qiymətləndirilməsi bu partiya haqqında illərdir cəmiyyətdə dolaşan neqativ fikirləri aradan qaldıra bilər. Nəzərə alanda ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, Cənubi Qafqazda ən böyük siyasi partiyadır və öz sıralarında yüzminlərlə üzvü cəmləşdirir, bu konteksdən yanaşsaq, mütləqdir ki, hakim partiya sözün yaxşı mənasında öz fəaliyyətində inqilabi dəyişikliklər etsin. Əsk halda cəmiyyətin, o cümlədən yüzminlərlə partiya üzvünün ümidləri boşa çıxacaq və bu ilk növbədə Yeni Azərbaycan Partiyasının maraqlarına uyğun deyil.