Martın 15-də Azərbaycanda 5 piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
APress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 15-də saat 19 radələrində Ağdaş rayonunun Əmirarx kəndi ərazisində Göygöl rayon sakini M.Mürsəlov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən kənd sakini U.Həsənovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Martın 15-də saat 15 radələrində isə Gədəbəy rayonunun Arıqıran kəndi ərazisində Qoşabulaq kənd sakini R.Sadıqov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Parakənd kənd sakini D.Hüseynovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Digər hadisə martın 15-də saat 21 radələrində Şirvan şəhəri ərazisində baş verib. Şəhər sakini V.Dəmirov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi M.Tağıyevi vurmuşdur. Piyada xəstəxanaya aparılarkən ölüb.
Daha bir piyada ölümü martın 15-də saat 22 radələrində Neftçala rayonunun Aşağı Qaramanlı kəndi ərazisində baş verib. Müəyyən edilməmiş avtomobillə yolu keçən Qədimkənd kənd sakini R.Əhədov vurulub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü Qədimkənd kənd sakini N.Əsədov müəyyən edilərək saxlanılıb.
Oxşar hadisə martın 15-nə keçən gecə saat 23 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində də qeydə alınıb. Abşeron rayon sakini H.Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi İ.Şükürovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada martın 15-də orada ölüb.
Hər bir faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.