APress.az xəbər verir ki, hadisə Səbail rayonunda baş verib. 1971-ci il təvəllüdlü Müzəffər Piriyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb.
İlkin dindirilmə zamanı o, arvadını boğduğunu bildirib. Amma cəsədin müayinəsi zamanı qadının beyninə qan sızma nəticəsində öldüyü aşkarlanıb.
Müzəffər Piriyev şüşə stəkanla arvadının başına bir neçə zərbə vurduğunu etiraf edib. Onun narkotik vasitələrin təsiri altında olduğu aydınlaşıb.
İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Müzəffər Piriyev ifadəsində bildirib ki, əvvəllər narkotik maddələrdən istifadə etdiyi üçün məhkum olunub. Cəlalə Abbasova ilə 2000-ci ildə kəbin kəsdirib evlənib və 3 övladları olub. Son vaxtlar arvadından şübhələnməyə başlayıb. Çünki arvadının əvvəlki kimi ona münasibət göstərmədiyini hiss edib. Hadisə baş verən günü axşam uşaqları siqaret almaq adı ilə dükana göndərib ki, arvadı ilə son günlərdə olan şübhələrinə aydınlıq gətirsin.
İkisidə evin girəcəyində olan pilləkənlərdə oturublar. Müzəffər içdiyi çayın soyuq olduğunu irad tutduqda Cəlalə yenidən ona çay gətirib. Müzəffər arvadından təkrar şübhələrinin səbəbini soruşduqda Abbasova ona fikirlərinin həqiqətə uyğun olmadığını bildirib.
Bu zaman əsəbləşən Müzəffər əlindəki çay stəkanının arxası ilə Cəlalənin başına bir neçə zərbə vurub. Sonuncu yerə yıxılan kimi üstünə çıxıb və sol qolu ilə onun boynunu sıxıb. Təxminən 5-6 dəqiqə sonra qadının hərəkətsiz olduğunu görüb.
Müzəffər Piriyev ifadəsinin davamında bildirib ki, hadisədən sonra uşaları evə girməyə qoymayıb. Onları götürüb taksi ilə bacısıgilə aparıb. Geri qayıdarkən ona sahə müvəkkili zəng edib və polis əməkdaşları gələrək onu həbs ediblər.
Məhkəmə prosesi zamanı Müzəffər Piriyev ittiham üzrə özünü təqsirli bilməyib.
Məhməkə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsin əməli özünün istintaqa verdiyi ilkin ifadəsi, zərərçəkmiş və şahidlərin ifadələri, eləcədə iş materiallarındakı digər sənədlərlə tam sübuta yetirilib.
Sonda məhkəmənin hökmü ilə Müzəffər Piriyev 18 il müddətinə azadlıqdan məhrum edilib.