Bakı şəhər Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən Veteran parkında yetkinlik yaşına çatmayan oğlana qarşı quldurluq əməli törətmiş Şamaxı rayon Mərzəndiyyə kənd sakini, 1995-ci il təvəllüdlü Etibar Ağayev barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APress.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq – silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə açılmış iş üzrə təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İstintaq zamanı məlum olub ki, ötən il oktyabrın 27-də saat 20:30 radələrində Etibar parkda istirahət edən 5 nəfər yeniyetməyə yaxınlaşaraq kontur istəyib. Bu zaman uşaqlardan 3-ü oradan uzaqlaşıb. Etibar Əli adlı məktəblini küncə dirəyərək telefonunu tələb edib. Yaxınlaşan şəxsin əlində bıçaq olmasından qorxan yeniyetmə “Samsung A50” markalı telefonunu ona verib. Daha sonra Etibar Əlinin başındakı kepkasını da götürüb öz başına qoyub və qaçaraq uzaqlaşıb.
Məhkəmə prosesində quldurluq əməli tam sübuta yetirilib.