Doğma bacısını öldürən şəxs: “Gördüm, gecə yad kişinin itini tumarlayır…”backend
Hadisə
314

Doğma bacısını öldürən şəxs: “Gördüm, gecə yad kişinin itini tumarlayır…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Səbail rayonunda Füzuli sakini, 2000-ci il təvəllüdlü Qalib Turabov bacısı Pərvanəni bıçaqlayaraq öldürüb.
APress.az teleqraf.com-a istinadən bildirir ki, Qalib 2017-ci ildən boşanıb və onunla bir mənzildə yaşayan doğma bacısı Pərvanənin yüngül həyat tərzi keçirməsi, dəfələrlə yaşadıqları evə gec gəlməsi və bəzi hallarda evdən gedərək gecə klublarında, habelə digər müxtəlif yerlərdə qalması ilə bağlı onunla dəfələrlə söhbətlər aparıb.
Pərvanə növbəti dəfə 2019-cu ilin iyun ayının əvvəllərində evdən gedərək yüngül həyat tərzi keçirməsindən sonra onu axtarsa da tapmayıb.
Bacısını axtarsa da tapa bilmədi
27 iyun 2019-cu il gecə saat 1 radələrində tanışı Qalibə bacısının “Xaqani bağı” ətrafında yüngül əxlaqlı qızlarla gəzməsi barədə məlumat verib.
Qalib bacısının yüngül həyat tərzi keçirməklə ailəsinin şərəfini ləkələməsi, onun namusuna xələl gətirməsi, həmyaşıdları arasında rüsvay olması ilə bağlı nifrət hissinin təsiri altında onu öldürmək qərarına gəlib. O, yaşadığı mənzildən bıçaq götürərək üzərində gizlədib.
Atası ilə birlikdə bacısını axtarmağa getdi
Qalib evdən çıxarkən valideynləri ondan hara getdiyini soruşub. O, bacısını axtarmağa getdiyini bildirsə də, bıçaq götürməsini gizlədib. Atasının israrla onunla gedəcəyini deməsindən sonra birlikdə mənzildən çıxıblar.
Qalib atası ilə “Xaqani” bağına gələrək bacısını bir qədər axtardıqdan sonra atasını evə yola salıb.
Atası gedəndən sonra Qalib yenidən bacısını axtarmaqda davam edib. Saat 3.50-də bacısının Səbail rayonunun Xaqani küçəsində tanımadığı bir xanımla “Hyundai Veloster” markalı avtomobilin sürücüsünə məxsus iti oynatdığını görüb.
Bu zaman Qalib Pərvanənin üstünə cumaraq bıçaqla ona çoxsaylı zərbələr vurub. Pərvanə kəskin qan itirməsindən dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Qalibin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
“Ərindən ayrıldıqdan sonra tamam dəyişdi”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qalib elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, 1996-cı ildə anası ilə atası ailə qurub: “Onların birgə nikahından 1998-ci ildə bacım Pərvanə, 2000-ci ildə isə mən dünyaya gəlmişəm. Atam ev təmiri ustası kimi fəaliyyət göstərir, anam “Bravo” ticarət mərkəzində şöbə müdiridir.
Bacım 2015-ci il tarixdə Əflatun Abbasovla ailə qurdu, Ömər adlı bir oğlan övladları dünyaya gəldi. Daha sonra bacımla Əflatun yola gedə bilmədikləri üçün 2017-ci il tarixdə ayrıldılar. Bacım Əflatundan ayrıldıqdan sonra Ömərlə bizim yanımızda qaldı. Ərindən ayrıldıqdan sonra çox dəyişdi, yüngül həyat tərzi keçirdi, övladına qayğı göstərmədi, evə gecələr gec gəldi.
Təxminən bir ildən artıq müddətdə bacım evə çox az hallarda gəlirdi. Bununla bağlı bir neçə dəfə söz-söhbət oldu. Evdə olan zaman çalışırdıq, onu çölə buraxmayaq”.
“Bizi utandırmamasını xahiş etdim”
Qalibin sözlərinə görə, Pərvanə boşandıqdan sonra Toğrul adlı bir nəfərlə münasibət qurub: “Təxminən bir ilə yaxın Toğrulla münasibətdə oldu. 2018-ci ilin yay aylarında evdən getdi, uzun müdətdən sonra qayıtdı. Evə gələndə onun yenidən getməsinə mane olmağa çalışdıq.
Bacımı evdən buraxmadığımıza görə o, sevgi münasibətində olduğu Toğrulla razılaşaraq yalandan evimizə elçi göndərməyi təşkil etdi. 2019-cu ilin əvvəllərində Toğrul bir neçə qadınla bizə elçiliyə gəldi, ana-atamdan Pərvanəni istədi. Həmin vaxt yanındakı qadınları anası və qardaşı arvadı kimi təqdim etdi. Lakin həmin qadınlar onun qohumları deyildi. Həmin şəxslər Pərvanə ilə Bakı şəhərində fəaliyyət göstərən gecə klublarından birində çalışırdılar. Pərvanə ilə Toğrul da gecə klubunda tanış olmuşdular.
Anam və atam bu məsələdən şübhələndiklərinə görə bacımı buraxmadılar. Ancaq bacımın israrından sonra onun Toğrulla getməsinə icazə verdilər. Bacımın evdən getməsi ilə bağlı bir neçə dəfə onunla söhbət etdim. Ondan evdən getməməsini, bizi utandırmamasını, ailəsi ilə birgə yaşamasını xahiş etdim. Bacım Toğrulla gedərək onunla yaşadı. Lakin nə işlə məşğul olduqlarını bilməmişəm”.
“Elçiliyin yalan olduğunu bildirdi”
Qalib qeyd edib ki, 2019-cu ilin martında Toğrul anası Zəminə ilə mobil telefon əlaqəsi saxlayıb: “Toğrul anama bizim evimizə gələn elçilərin yalan olduğunu, bu elçiliyi Pərvanənin israrı ilə etdiyini bildirdi. Bundan sonra anam Pərvanəni evə gətirəcəyini söylədi.
Səhəri gün Toğrul Pərvanəni evə gətirdi. Bundan sonra Toğrul arabir bizə gəlib, Pərvanə ilə görüşürdü. Lakin son zamanlar bacımın Toğrulla münasibət saxlayıb-saxlamamsından xəbərim olmayıb.
2019-cu il aprelin əvvəllərində ana babamın ölümünün il dönümü münasibətilə anam Zəminə, atam Nağı, bacım Pərvanə və onun azyaşlı övladı Ömərlə anamın ata evinin yerləşdiyi Şərur rayonuna getdik. Aprelin axırına yaxın anam, atam və bacımın övladı Ömərlə birlikdə Bakı şəhərinə qayıtdıq. Bacım isə Şərur rayonunda xalam Xanımın yanında qaldı”.
“Bacımın bu həyatı məni bezdirmişdi”
Qalibin ifadəsinə görə, 2019-cu ilin mayında bacısı Bakı şəhərinə gəlib: “Aeroportda onu qarşıladım, evə gətirdim. Pərvanə bir müddət evdə qaldıqdan sonra yenə də harasa getdi. Onu müxtəlif yerlərdə axtarsam da, tapa bilmədim. Artıq bacımın tüfeyli və yüngül həyat tərzi yaşaması məni bezdirmişdi.
Pərvanənin gecə klublarında əyləndiyini, müxtəlif şəxslərlə görüşdüyünü, yüngül həyat tərzi keçirdiyini eşitmişdim. İyunun 26-da dostum Həbiblə birlikdə 28 May metrostansiyasının yaxınlığına getdim. Orada bir müddət gəzdikdən sonra saat təxminən 22-23 radələrində evə qayıtdıq”.
“Toğrul zəng etdi ki…”
Təqsirləndirilən şəxs bildirib ki, iyunun 27-də saat təxminən 1 radələrində evdə olarkən anasının telefonuna zəng gəlib: “Telefona özüm cavab verdim, zəng edənin Toğrul olduğunu bildim. Toğrul bacımın Molokan (Xaqani) bağının yaxınlığında gördüyünü, onun avara qızlarla gəzdiyini bildirdi. Toğrulla danışdıqdan sonra yaşadığım evin qonaq otağında stolun üstündə olan mətbəx bıçağını götürərək cibimə qoydum.
Qapıdan çıxanda anam və atam digər otaqdan səsləndi, nə baş verdiyini soruşdular. Onlara Toğrulun bacımı gördüyünü, onun şəhərin mərkəzində olduğunu, onu götürməyə getdiyini söylədim. Atam ona gözləməyimi, mənimlə birgə gələcəyini dedi. Atamla yaşadığımız evin yaxınlığından keçən dövlət qeydiyyat nişanını unutduğum taksi avtomobilinə əyləşdik, Malakan bağına gəldik. Atamla bir müddət bacımı axtardıq. Tapmadıqda “Tarqovı”ya düşdük.
Atamın yorulduğunu gördüm, ona getməsini, özümün də bir müddət bacımı axtararaq evə gələcəyimi dedim. Atam evə qayıtdı”.
“İti tumarladılar”
Qalibin sözlərinə görə, bir müddət bacısını axtarıb və tapa bilmədikdə yenidən Molokan bağına qayıdıb: “Mən orada olanda Toğrul gəldi. Saat təxminən 3.30-da Toğrulla skamyada söhbət edərkən bacımın bağın yaxınlığında sarışın bir qızla keçərək getdiyini gördüm. O, Molokan bağının girişində Xaqani ticarət mərkəzinin yaxınlığında dayandı. Orada avtomobil vardı.
Pərvanə ilə yanındakı qız yan-yana həmin “Hyundai” markalı avtomobilin yaxınlığında dayanaraq avtomobil sahibinə məxsus kiçik iti tumarladılar. Bunu görəndə daha da qəzəbləndim”.
“Bacımı vurandan sonra qaçmağa başladım”
Qalib bildirib ki, bacısının həmişə onun namusuna ləkə gətirən hərəkətlər etməsi, evdə söz-söhbət salması onu bezdirib: “Molokan bağı boyunca onlara tərəf getdim. Üzərimdə olan mətbəx bıçağını çıxararaq arxa tərəfdən Pərvanəyə yaxınlaşdım, bıçaqla iki dəfə ona zərbə vurdum.
Zərbələrdən birinin kürək nahiyəsinə, digərinin isə döş qəfəsinə dəydiyini hiss etdim. Zərbə vuran kimi Pərvanə qışqırmağa başladı, yerə çöməldi, sonra ayağa duraraq qaçdı. Bacımın yanında olan sarışın qız da qışqırdı. Pərvanəyə tərəf bir-iki addım atdım, daha sonra fikrimi dəyişərək, evə qayıtmaq qərarına gəldim.
Xaqani ticarət mərkəzinin qarşısı ilə “Tarqovı”ya girdim, qaçmağa başladım”.
“Çox peşman olmuşdum”
Qalib qeyd edib ki, istifadəsində olan telefondan atasına zəng edib: “Atama baş verənləri bildirdim, Pərvanəni bıçaqla vurduğumu, evə gəldiyimi söylədim. Planım ana-atamla görüşüb, sonra təslim olmaq idi. Evə gəldim, baş verənləri danışdım, təslim olacağımı dedim.
Hazırlaşaraq evdən çıxarkən polis əməkdaşları gəldi. Məni Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə apardılar. Bölmədə olarkən Pərvanənin öldüyünü öyrəndim. Ancaq törətdiyim əməldən çox peşman olmuşdum. Bacımın ölməsini istəməmişdim. Onu qorxutmaq məqsədilə vurmuşdum”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baxılıb.
Qalib 9 il müddətinə azadlıqdan məhrum edilib.