Gecə saat 3-də həyətdə bacısını yad kişiylə tutdu: “Evə qayıt…”backend
Hadisə
280

Gecə saat 3-də həyətdə bacısını yad kişiylə tutdu: “Evə qayıt…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayonunun Xanabad kənd sakini, 1985-ci il təvəllüdlü Malik Məmmədov Mingəçevir şəhərində 1986-cı il təvəllüdlü bacısı Mirvarini qətlə yetirib.

APress.az teleqraf.com-a istinadən bildirir ki, Malik hadisədən bir neçə gün əvvəl bacısı Mirvarinin gecə saatlarında atasına məxsus evin giriş qapısında həmkəndliləri Elçinlə görüşdüyünü görüb.

Malik onların qadın-kişi münasibətlərində olduğunu düşünüb, bu səbəbdən bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə 2020-ci il sentyabrın 10-da saat 17.30-da yaşadığı evdə olan mətbəx bıçağını götürüb, bükərək sallofan torbanın içərisinə qoyub. O, Mirvarının digər bacısının yaşadığı evdə olduğunu bilib.

Onların yaşadığı Mingəçevir şəhəri, “Güllü bağ” adlanan əraziyə gəlib və bacısının yaşadığı binaya qalxmaq istəyib.

Bu zaman Mirvarinin binadan düşdüyünü görüb, ona yaxınlaşaraq söhbət edə-edə “Mingəçevir Mall” adlı ticarət mərkəzinin qarşısındakı istirahət parkına qədər piyada gəlib. Ona bir qadın kimi tənha həyat tərzi sürməsinin ailələrinə yaraşmadığını bildirib, ailəsinin yanına qayıtmasını tələb edib. Mirvari Malikin bu təklifinə rədd cavabı verib.

Malik bacısının bədəninin müxtəlif nahiyələrinə 8 bıçaq vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Malikin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Malik elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, bacısı Mirvari təxminən 6-7 il əvvəl Elvin adlı şəxslə ailə qurub: “Onların ailə həyatı təxminən 6 ay davam etdi, münasibətləri alınmadığından boşandılar. Mirvari ərindən ayrıldıqdan sonra bir neçə il bizimlə qaldı. Təxminən 2 il idi Mingəçevirdə yaşayırdı.

Hadisədən təxminən 3 gün əvvəl Mirvari bizim yaşadığımız evdə qalan geyim əşyalarını götürmək üçün gəlmişdi. Həmin gecəni də bizim evdə keçirdi”.

Malik qeyd edib ki, həmin gecə təxminən saat 03.00-da Mirvari yaşadığı evin həyətinə düşərək həyət qapısına tərəf gedib: “Mirvari həmin vaxt mənim oyaq olduğumu və onu gördüyümü bilməyib. Qapını açaraq həmkəndlim olan Elçin adlı şəxslə bir neçə dəqiqə söhbət etdikdən sonra yenidən qayıdaraq evə gəldi. Mən bu barədə həmin vaxt Mirvariyə heç bir söz demədim”.

Malik qeyd edib ki, sentyabrın 10-da Mirvariyə zəng edərək təxminən 3 gün əvvəl gecə hansı səbəbdən Elçin adlı şəxslə görüşüb söhbət etdiyini soruşub: “Mirvari də həmin telefon zəngi zamanı Elçinlə hər hansı başqa məqsədlə görüşmədiyini, Mingəçevir şəhərində yaşadığı evin açarını verdiyini, Elçinin həmin açarı ev sahibinə çatdırmalı olduğunu bildirdi.

Bildiyim qədəri ilə Elçin Mirvarinin kirayədə yaşadığı mənzilin sahibi ilə qohumluq əlaqələri olub. Lakin Mirvarinin bu cavabı məni qane etmədi. Mirvarinin gecə saat 3 radələrində başqa bir kişi ilə görüşərək söhbət etməsindən sonra onu öldürmək qərarına gəldim. Həmin gün, saat 17.30-da yaşadığım evdə olan istifadə olunmayan mətbəx bıçağını köynəyə bükərək sellofanın içərisinə qoydum və Mingəçevir şəhərinə getdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Mirvarinin həmin vaxt yeznəsi Ağasəfgilin evində olduğunu bilib:

“Mən yeznəmgilin yaşadığı Mingəçevir şəhərinə, “Güllü bağ” adlanan əraziyə gəldim. Yeznəmgil yaşayan binaya qalxmaq istədikdə Mirvarinin binadan düşdüyünü gördüm. Onunla söhbət etməyə başladım. “Mingəçevir Mall” adlı ticarət mərkəzinin qarşısına qədər piyada olaraq gəldik. Həmin yerə çatdıqda parkda oturacaqda oturduq və söhbətə davam etdik.

Onu öldürəcəyimdən Mirvaridən bizə məxsus qızılların harada olması barədə məlumat almağa çalışdım. Söhbət yekununda ona yaşadığımız evə getməyi təklif etdim. Mirvari artıq 2-3 gün idi ki, ev kirayəsini ödəyə bilmədiyi üçün küçələrdə qalmışdı. Mirvari razılaşmadı və mənə “rədd ol” dedi. Mən sellofanın içərisində olan bıçağın tiyəsindən tutdum.

Təxminən saat 20.30-da söhbətimiz sona çatdı. Bu vaxt sağ əlimlə bıçağı çıxararaq Mirvarinin ürək nahiyəsinə zərbə endirdim. Təxminən 5-6 bıçaq zərbəsindən sonra Mirvarinin səsinin xırıldadığını eşitdim və artıq öldüyünü düşünərək bıçaq zərbələrini sona çatdırdım”.

Malik ifadəsində söyləyib ki, bundan sonra Mirvari oturduqları oturacağın qarşısında yerə yıxılıb: “Bu zaman ora ətrafdan şəxslər yığılmağa başladı. Bundan sonra hadisə barədə xalam Natavana, dayım Həsənağaya məlumat verdim, ətrafda olan vətəndaşlara da polis şöbəsinə xəbər vermələrini bildirdim. Həmin ərazidə qalaraq polis əməkdaşlarının gəlməsini gözlədim. Bir neçə dəqiqə sonra təcili tibbi yardım briqadası və polis əməkdaşları hadisə yerinə gəldilər. Bıçağı polislərə təhvil verdim”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rəşid Hüseynovun sədrlik etdiyi kollegiyada baxılıb.

Malik Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.