Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Bu barədə APress.az DGK-ya istinadən xəbər verir.
Belə ki, İrandan ölkəmizə daxil olan yük vaqonları “Astara Dəmir Yolu” gömrük postunda saxlanılıb.
Vaqonlara gömrük baxışı keçirilərkən yük platformasının ön hissəsinin sol alt tərəfində ağ rəngli sellofan paketdə 1 ədəd bağlama aşkar edilib.
Yoxlama zamanı bağlamanın içərisində olan 3 ədəd bükümdə üzərində “M40” nişanəsi olan 200 ədəd metadon adlı həb və ümumi çəkisi 97 qram olan narkotik vasitə – heroin aşkar edilib.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na daxildir.
Faktla bağlı araşdırma aparılır.