Almaniyada 2019-cu ildə “mühacir alveri” işinə görə həbs edilən şəxslərdən biri Azərbaycana ekstradisiya edilib.
APress.az Report-a istinadən xəbər verir ki, həmin şəxs 2015-ci ildə Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyib. Ona 2016-cı ildə qaçqın statusu verilib. Daha sonra Almaniya Kriminal Polisinin 2019-cu ildə ölkəboyu başlatdığı cinayət-axtarış əməliyyatı zamanı həmin şəxs saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs Azərbaycan Respublikası tərəfindən də müxtəlif cinayət maddələri ilə beynəlxalq axtarışa verilib. Koblenz şəhər Prokurorluğu tərəfindən aparılan “möhacir alveri” işinə görə məhkəməyə çıxarılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Nəhayət aprelin 8-i, səhər saatlarında saxlanılan şəxsin Azərbaycana ekstradisiyası baş tutub.
Məlumat üçün bildirək ki, 2019-cu ildə 180 federal polis xüsusi əməliyyat çərçivəsində Şimali Reyn-Vestfaliya və Hessen vilayətlərində Azərbaycandan Almaniyaya qanunsuz olaraq insan gətirən dəstə üzvlərini saxlayıb. Köln, Düsseldorf, Frankfurt və Visbaden bölgələrində ümumilikdə 13 əmlakda axtarış aparılıb. Bu məqsədlə, Koblenz federal polisi tərəfindən elan edildiyi kimi iki həbs qərarı icra edilib. Alman mətbuatının yazdığına görə, “mühacir alveri” işi ilə bağlı başladılan istintaq hələ yekunlaşmayıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi beynəlxalq axtarışda olan adam oğurluğu, dələduzluq və rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən şəxslərin Almaniya, Bosniya və Herseqovina, Türkiyə, Əlcəzair və s. dövlətlərdən ölkəmizə ekstradisiyasına nail olunduğu ilə bağlı məlumat yayıb.
“Bu gün (8 aprel – red) isə xarici dövlətlərdə qeyri-qanuni fəaliyyətlə məşğul olaraq müxtəlif şəxslər üçün qanunsuz yollarla siyasi sığınacaq əldə etmək məqsədilə həmin ölkələrin dövlət qurumlarını aldatmaqla rəsmi sənədlərin saxtalaşdırılması kimi cinayət əməllərində təqsirləndirilən Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyası təmin edilib və o, nazirliyin əməkdaşların müşayiəti ilə ölkəmizə gətirilib.
Cinayətkar şəxslər Azərbaycana gətirilərkən tranzit dövlətlərin razılığının alınması üçün nazirlik tərəfindən qısa müddətdə zəruri tədbirlər görülür. Bu baxımdan qardaş Türkiyənin ölkəmizə böyük dəstəyi xüsusi qeyd olunmalıdır. Ümumilikdə ötən 5 il ərzində 200 nəfərdən çox cinayətkar şəxslərin Azərbaycana ekstradisiyası təmin olunub” – deyə, nazirliyin rəsmi məlumatında qeyd olunur.