“bp-Azərbaycan” 2024-cü ilin yekunları üzrə Biznes əməliyyatları hesabatını dərc edib.
Azəri-Çıraq-Günəşli (AÇG)
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2024-cü il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 535 milyon dollar əməliyyat məsrəfləri və 1,293 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
2024-cü ildə AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanmışdır. Balaxanı və Fasilə lay dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edir. Proqramın ümumi dəyərinin təxminən 370 milyon ABŞ dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır. Seysmik məlumat toplama üzrə 2024-cü il üçün nəzərdə tutulmuş iş həcmi təhlükəsiz şəkildə və qrafikdən əvvəl tamamlanmışdır; hazırda əldə olunmuş seysmik məlumatların emalı davam edir.
Aprelin ortalarında Xəzərdə nəhəng AÇG yatağında quraşdırılmış yeddinci platforma olan yeni ACE platformasından ilk neft əldə olundu.
ACE platformasından ilk neft 2023-cü ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edildi. 2024-cü il ərzində platformada daha iki hasilat quyusu istismara verildi və bununla da ACE-dən hasilat artaraq ilin sonuna gündə təxminən 26 000 barelə çatdı.
ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində yaranan emissiyaları azaltmağa da kömək edir.
ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.
2024-cü ilin oktyabrında AÇG yatağında ilk dəfə olaraq lay təzyiqi şəraitində süxur nümunələri (kern) çıxarılması əməliyyatı uğurla həyata keçirilmişdir. Bu bp-nin həm Xəzərdə, həm də qlobal miqyasda yerinə yetirdiyi ilk bu cür əməliyyatdır.
Təbii lay təzyiqi altında süxur nümunələri Balaxanı VIII layından götürülmüşdür və bu əməliyyat Qərbi Azəri platformasında yeni istifadəyə verilmiş bir quyu vasitəsilə həyata keçirilmişdir. Əməliyyat zamanı süxurdakı bütün mayelər olduğu kimi saxlanmaqla və süxurun ilkin vəziyyəti qorunmaqla tam lay təzyiqli dörd kern nümunəsi uğurla çıxarılmışdır. Bu nümunələr sahənin analizindən əldə edilmiş məlumatlarla birlikdə əlavə təhlil üçün laboratoriyaya göndərilib.
Hasilat
2024-cü ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (23 000), Mərkəzi Azəri (97 000), Qərbi Azəri (75 000), Şərqi Azəri (51 000), Dərinsulu Günəşli (57 000), Qərbi Çıraq
(29 000) və ACE (10 000) platformalarından birlikdə – gündə orta hesabla 342 000 barel və ya ümumilikdə təxminən 125 milyon barel, yəni 16 milyon ton olub.
Dördüncü rübdə AÇG yatağından indiyədək əldə edilmiş ümumi hasilat 600 milyon tona çatıb.
İlin sonunda AÇG-də ümumilikdə 148 neft hasilatı quyusu, 46 su injektoru quyusu və yeddi qaz injektoru quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
İl ərzində AÇG-də 14 neft hasilatı quyusu, 3 su injektoru, 1 qaz injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu tamamlanmışdır.
Səmt qazı
2024-cü il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7 milyon kubmetr, ümumilikdə isə 2,5 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Sərbəst qaz
AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalandı.
AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmdə – 4 trilyon kub futadək olduğu düşünülür.
Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.
Quyu mövcud Qərbi Çıraq platformasından qazılır və ilk qaz hasilatının 2025-ci ilin sonunadək olacağı gözlənilir.
Səngəçal terminalı
2024-cü ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
2024-cü ildə terminal təxminən 225 milyon barel neft və kondensat, o cümlədən 224 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 76 milyon standart kubmetr (təxminən 2 milyard 654 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
Bakı-Tbilisi-Ceyhan (BTC)
Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.
2024-cü il ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 146 milyon dollar, əsaslı xərclərə isə 44 milyon dollar vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 591 milyon ton (4,4 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 5862 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
2024-cü ildə BTC vasitəsilə ixrac olunmuş təqribən 29 milyon ton (təxminən 223 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 305 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
Şahdəniz
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).
2024-cü ildə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 2 milyard 203 milyon dollar əməliyyat xərcləri və təxminən 766 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
2022-ci ildə başlanmış Şahdəniz Alfa (SDA) elektrik təchizatı layihəsi 2024-cü ilin dördüncü rübündə uğurla tamamlanmışdır. Bu layihə SDA platformasına ondan cəmi 8 kilometr aralıda yerləşən Bravo platformasından birbaşa elektrik enerjisi almaq imkanı yaratmışdır. Elektrik enerjisinin ötürülməsi sualtı cərəyan və fiber-optik kabel vasitəsilə təmin olunur. Bu modernləşdirmə SDA istismara veriləndən bəri orada istifadə olunan beş dizel generatoruna ehtiyacı aradan qaldırmaqla platformanın əməliyyat səmərəliliyini artıracaq, enerji təchizatının daha etibarlı, uzunmüddətli və fasiləsiz olmasını təmin edəcək və xərcləri azaldacaq.
Hasilat
İl ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
2024-cü ildə yataqdan ümumilikdə – Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 28 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
2024-cü ilin dördüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində şərq-şimal cinahından üçüncü quyu işə salınmışdır və qərb-cənub cinahında sualtı işlər üzrə fəaliyyətlər davam etmişdir.
Xankəndi sualtı tikinti gəmisi hazırda istismarda olan bütün Şahdəniz 2 və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam etmişdir. Regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq Xankəndi gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunur ki, bu da bp və tərəfdaşlarının əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.
Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xənkəndi gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanmışdır.
Qazma əməliyyatları
İl ərzində Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib.
Dördüncü rüb ərzində İstiqlal qazma qurğusu qərb-cənub cinahında SDF02 quyusunda işlər həyata keçirib. Heydər Əliyev qazma qurğusu isə qərb cinahında SDD05 quyusunun qazma işlərini davam etdirib.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 21 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
Cənubi Qafqaz Boru Kəməri (CQBK)
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%).
2024-cü il ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 81 milyon dollar, əsaslı xərclər isə təxminən 20 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
İl ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,8 milyon kubmetr olmuşdur.
Geoloji kəşfiyyat
Şahdəniz müqavilə sahəsində qazılmış kəşfiyyat quyusunun (SDX-8) hədəflədiyi laylardan 2023-cü ildə əldə olunmuş məlumatların təhlili 2024-cü il ərzində davam etmişdir. Bunda məqsəd hazırda istismarda olan məhsuldar layların altındakı daha dərin horizontları qiymətləndirməkdir.
Şəfəq-Asiman dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusunda (SAX01) aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və növbəti fəaliyyətlərin planlaşdırılması işləri davam etmişdir.
20 sentyabr 2024-cü il tarixində bp ilə SOCAR arasında bp-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu imzalandı. Bunlar “Qarabağ” neft yatağı və Əşrəfi – Dan Ulduzu – Aypara (ADUA) kəşfiyyat sahəsidir.
İşçi heyətimiz
2024-cü ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2413 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Sosial sərmayələr
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2024-cü ildə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 1,5 milyon dollardan çox vəsait xərcləmişlər. İl ərzində bu layihələrə hazırda davam edən 25 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə il ərzində təqribən 1,7 milyon dollar vəsait xərcləyib.
Bunlara hazırda davam edən 22 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 2 layihə və müxtəlif mövzularda 11 konfrans və seminara dəstək, yəni ümumilikdə 40 layihə daxildir.
// APress.az