Çeki aldılar da, satdılar da, vətəndaşın nə xəbəri oldu, nə də ki…backend
İqtisadiyyat
787

Çeki aldılar da, satdılar da, vətəndaşın nə xəbəri oldu, nə də ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən əsrin 60-cı illərindən etibarən Sovetlərdə sosializmə yad olan elementlər cəmiyyətin həyatında görünməyə başladı. Bu bir başlanğıc idi və 30 il keçməyəcəkdi ki, bütün ittifaq dövlətlərini izdihamlı mitinqlər bürüyəcək, nəhəng sovet imperiyası laxlayacaqdı. Hətta imperiyanın başında duran Sergeyin oğlu Mixail Qarbaçov tərəfindən başladılan reformalar da nəticə verməyəcək və əksinə, Sovet dövlətinin dayaqlarını sarsıdacaqdı. Və nəticə… 1992-ci ilin noyabrında Rusiya Federasiyasının müstəqilliyini elan etməsi ilə SSRİ süqut edir.

Sonradan keçid dövrü termini ilə siyasi leksikona daxil olacaq hadisələrin axarı ittifaqa daxil olan dövlətlərdə SSRİ-yə məxsus əmlakların bölünməsini qaçılmaz edəcəkdi. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan etsə də, uzun müddət daxili çəkişmələr, xarici təsirlər, sosial-iqtisadi tənəzzül, toparlana bilməmək, vacib layihələrin icrası və digər səbəblərdən bir qədər gecikirdi. Əslində, bu gecikmə tək Azərbaycanda deyil, postsovet ölkələrinin demək olar ki, hamısında baş verirdi.

1996-cı ilin mart ayında mərhum prezident Heydər Əliyev gözlənilən və tarixi sərəncamı imzaladı. Sərəncam ölkəboyu bütün vətəndaşları əmlak və qiymətli kazğılar sahibi edəcəkdi. Fərmanda qeyd olunurdu ki, həyata keçiriləcək özəlləşdirmə prosesi vətəndaşların iştirakı və mütləq pay sahibliyi ilə baş tutacaq. 1997-ci ilin yanvarın 1-dək anadan olmuş Azərbaycan Respublikasının hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verildi. Qeyd olunurdu ki, özəlləşdirməyə təklif olunacaq dövlət əmlakının 55 faizi çek hərracına çıxarılır, 15 faizi müəssisənin əməkdaşları arasında bölüşdürülür, 30 faizi isə investorları cəlb etmək üçün nəzərdə tutulur. Hətta səhmdarları cəlb etmək üçün nəzərdə tutulan 30 faizlik hissədən də çek iştirakçıları müəyyən paya sahib olmalı idilər. Açıq etiraf etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin imzaladığı fərman bütün postsovet məkanı üçün bir nümunə idi. Çünki qərarda ölkə vətəndaşlarının maraqları əsas istiqamət idi.

Yenidən tarixə qısa ekskurs edərək bildirək ki, sovetlər dövründə “qırmızı direktorlar” deyilən termin var idi. Öz qohum-əqrabasını başına toplayaraq dədə malı kimi rüşvət yığımına girişən müəssisə direktorlarına verilən ad idi – “qırmızı direktorlar”. Azərbaycan təcrübəsində isə bunun əyani misalı “Əhməd haradadır” filmində Ağabala obrazıdır. Vauçerlərdən ən çox qazanan, milyonçuya, milyarderə çevrilən də elə həmin o “qırmızı direktorlar” oldu. Hansı ki, rəsmi olaraq bu prosesi həyata keçirməyə məsul idilər. Çox təəssüf olsun ki, rəsmi olaraq vətəndaşların prosesdə iştirak etdiyi deyilsə də, reallıqda bu baş vermədi. Sevincimiz bu dəfə də uzun sürmədi və vətəndaşlar əllərində qalan çekləri dəyər-dəyməzinə yoxa çıxardı. “Qara bazar” dəllalları bu vauçerləri onlardan alaraq, daha baha qiymətə “yuxarılara” ötürürdü. Son dayanacaq isə “qırmızı direktorları” olurdu. “Birinci əl” onlar idi və prosesi o qədər cəlb və “mükəmməl” şəkildə həyata keçirdilər ki, bir də ayıldıq ki, artıq proses başa çatıb. Çeklər alınıb da, satılıb da, vətəndaşın bundan xəbəri yox. Nəticədə uduzan yenə sadə vətəndaşlar oldu.

Ölkə boyunca sovetdən qalma istehsal potensialı məhv edilib və məsul şəxslər bu prosesi liberal bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırmaq əvəzinə öz maraqları naminə istifadə ediblər. Bu müəssisələr əldən-ələ keçərək, nə dövlət nəzarətində qala, nə də özünü doğrulda bildi. Çoxları isə inad edir, nə zamansa paylarının yenidən bahalaşcağını gözləyirdi. Lakin bu baş vermirdi, vauçerlər sürətlə dəyərdən düşünürdü. Və nəhayət… Nəhayət bu çeklərin tədavül müddətinin bitdiyini dedilər. 2011-ci ildə proses rəsmən başa çatdı. Yüzminlərlə vətəndaşın çeki əlində qaldı. Və müvafiq qurumlar “Satmaq imkanınız var idi, satardınız” deməklə, növbəti dəfə onların hüquqlarını pozdular. Bu gün də hər kəsi düşündürən suallar var: Niyə və hansı səbəbdən vətəndaşa dövlət imtiyazı olaraq verilən bu çeklər məmur maraqlarına xidmət etməli idi? Niyə və hansı səbəbdən milyonlarla insanın hüquqları pozulmalı, onların əmlaskı qəsb edilməli idi?

Beynəlxalq təcrübəyə istinad etsək görərik ki, qonşu Gürcüstanda, Belarusda, Çexiyada, Slovakiyada bu proses tam şəfaf şəkildə həyata keçirilib. Misal üçün, bəyənmədiyimiz Belarusda özəlləşdirmə bizdən çox əvvəl başlayıb. Sosial ədalət naminə bütün vətəndaşlara həm şəxsi mənzil, həm də dövlət əmlakı almaq üçün vauçerlər verilib. Bu vauçerlər neçə illərdir ki, sosial ədaləti qorumaq üçün infliyasiyaya uyğun olaraq indeksləşdirilir. 2019-cu ilə qədər Belarus banklarında 300-dən çox dövlət müəssisələrinin payları açıq şəkildə vətəndaşlara vauçerlə satılıb. Həmin müddətə qədər bu vauçerlərdən istifadə etməyən Belarus vətəndaşlarına qanuna uyğun olaraq, onların dəyəri qədər kompensasiya ödənilib. Digər müsbət örnəklər də var.

Bütün hallarda ziyanın yarısından qayıtmaq da xeyirdir. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İnvestisiya Holdiqinin yaradılması, əksər dövlət qurumlarının bu holdinqin tərkibinə verilməsi, qurum yaradılarkən əsas istiqamətlərdən biri olaraq dotasiya ilə çalışan bəzi dövlət müəssisələrinin özəlləşdiriləcəyinin bəyan edilməsi müəyyən ümidlər aşılayır. Bir halda ki, vətəndaşların çekləri əllərində qalıb və qarşıda daha bir özəlləşdirmə dalğası gözlənilir, bu halda vauçerlərin tədavül müddətinin yenidən artırırlmasına ciddi ehtiyac var. Axı bu çeklər kiminsə həyatında böyük dəyişiklikər yarada bilər. Bəlkə elə son ümid yerləridir bu çeklər?! Kef çəkmək yox, qız köçürmək, oğul evləndirmək, yas yola vermək və s. zəruri ehtiyaclar üçün lazımdır bu vauçerlər?! Necə ki, psixoanaliz elminin banisi Ziqmund Freyd deyir: “Buraxın ədalət yerini tapsın, ədalət təntənədir və bu təntənədən hamına pay düşür”.

Mikayıl Mirzəzadə