İLHAM ƏLİYEV – ÖZ XALQININ TORPAQLARINI AZAD EDƏN LİDERbackend
Siyasət
395

İLHAM ƏLİYEV – ÖZ XALQININ TORPAQLARINI AZAD EDƏN LİDER

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın bütün xalqları kimi, Azərbaycanın da tarixi onun məğlubiyyət və zəfərləri, siyasi-iqtisadi tənəzzül və tərəqqisini əks etdirən sinusoidal konfiqurasiyadan ibarətdir. Amma bütün bu yüksəliş və enişlərin əsasında heç vaxt dəyişməyən bir amil dayanır – minilliklər boyu əcdadlarımızın qanı, atalarımızın alın təri, analarımızın göz yaşlarıyla suvarılmış doğma torpaqlarımız! Öz qoynunda şanlı oğul və qızlar yetirən, qəhrəmanları tərənnüm edən, qorxaqlar və satqınlara rüsvayçılıq damğası vuran, halal zəhməti mükafatlandıran, qayğısını ondan əsirgəyən və onu ləkələyənləri cəzalandıran ana torpaq! Bəşər tarixində hələ elə bir hal olmayıb ki, xalq öz torpaqlarını təcavüzkar düşmənə könüllü təslim eləsin. Və o hətta zorən özündən güclülərə tabe olsa belə, torpaqlarını düşmən tapdağından qurtarmağa və azadlığını əldə eləməyə can atmasın. Bəzi xalqlar bunu bacarıb, bəziləri isə doğma torpaqların azadlığı uğrunda mübarizədə ölümü köləlikdən üstün tutublar. Minillik tarixi boyu dəfələrlə xarici müdaxiləçilərlə üz-üzə gələn Azərbaycan xalqının uğuru bundadır ki, onun 1988-1994-cü illərdə Ermənistanın işğalına məruz qalan ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmancasına, dönməz, ardıcıl mübarizəsinə dünya miqyaslı görkəmli dövlət xadimi – İlham Əliyev başçılıq edir.

XX əsrin son onilliyi xalqımızın yaddaşına nələrlə həkk olmadı, hansı ağlasığmaz müsibətlərlə üzləşmədik?! Dədə-baba torpaqlarımızı işğal etmiş qaniçən, həyasız erməni təcavüzkarları ilə qarşıdurmada tökülən on minlərlə soydaşımızın qanı! Bir milyon qaçqınımızın ağlasığmaz iztirabları! Qadınlar, qocalar, uşaqları milli mənsubiyyəti və ata-baba yurdunu tərk etmək istəmədikləri üçün əjdəha kimi udan Xocalı soyqırımı!!! 1991-ci ildə milli müstəqillik və suverenitet yolunu tutmuş Azərbaycanın özündə də daxili siyasi vəziyyət mürəkkəbləşmiş, buna prinsipsiz, marionet siyasi qrupların hakimiyyət uğrunda mübarizəsi, qondarma “Dağlıq Qarabağ”ın ayrılma iddiasından istifadə edib, respublikanı etnik-ərazi prinsipləri üzrə parçalamağa cəhd edən separatçı qüvvələr səbəb olmuşdu. Hakimiyyəti zorla ələ keçirən “AXCP-Müsavat” ittifaqı tərəfindən uçuruma sürüklənən Azərbaycan dövlətçiliyinin gələcəyi apokalipsisi xatırladır, ölkə qan gölü, ehtiyac məngənəsində boğulurdu! Bıçaq sümüyə dayanmışdı! Belə ağır durumda xalq öz böyük oğlu, Ümummilli Öndər, bütün həyatını soydaşlarımızın arzu və ümidlərinin gerçəkləşməsinə həsr eləmiş insanı – Heydər Əliyevi rəhbərliyə çağırdı! Heydər Əliyev əvvəlcə bir sıra əks-hücum əməliyyatları keçirməklə Ermənistanın ölkəmizə qarşı təcavüzünün daha da dərinləşməsinin qarşısını aldı, sonra isə titanik səylər bahasına 1994-cü ilin mayında Bişkek Atəşkəs razılaşmasına nail oldu.
Belə mürəkkəb şəraitdə dövlətimizin düşmən tərəfindən pozulmuş ərazi bütövlüyünün bərpası üçün xüsusi konsepsiya tələb olunurdu. Ümummilli Öndər Heydər Əliyev tərəfindən hazırlanmış bu gələcək mübarizə konsepsiyası öz əksini hərbi-siyasi, diplomatik və sosial-iqtisadi fəaliyyət üçbucağında tapdı. Bütün istiqamətlər üzrə bu konsepsiyanı hazırda Heydər Əliyevin dövlət başçısı postunda layiqli davamçısı, Azərbaycan xalqının azadlıq mübarizəsini öz zirvəsinə çatdıran, Siseronun sözləri ilə desək, Vətən üçün əziz olan hər nə varsa, özünə əziz bilən bir şəxsiyyət – İlham Əliyev uğurla həyata keçirir. “Dağlıq Qarabağ” separatizminin aradan qaldırılması, düşmən tapdağında olan torpaqlarımızın qaytarılması prosesini zəfərlə başa çatdıran Prezidentimizin böyük tarixi önəm daşıyan fəaliyyəti hər birimizə yaxşı məlumdur. Necə deyərlər, görünən dağa nə bələdçi? Bununla belə, Prezident İlham Əliyevin xarici siyasəti, eləcə də, Azərbaycan-Ermənistan qarşıdurmasının yekun həlli, dövlətlərarası sərhədlərin delimitasiyası və demarkasiyası haqqında müqavilə əsasında sülhün bərqərar olunması ilə bağlı bəzi əsassız və qeyri-elmi təsnifatlara fikrimi bildirmədən keçmək istəmirəm.
Bu təsnifatların əsas müəllifləri Fransa və ABŞ-ın hakim dairələridir və Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın davranış motivlərini bu gün məhz onlar müəyyən edirlər. Onun 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Sazişin əsas müddəalarını, özəlliklə də, “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini Ermənistanın” təmin etməsinə dair müddəaları gözlənilmədən yerinə yetirməmək cəhdi məhz bu iki dövlətin istəklərinə əsaslanır.
Üçtərəfli Sazişin altıncı maddəsində nəzərdə tutulmuş öhdəlikləri, özəlliklə də, hazırkı Qarabağ iqtisadi rayonu və Ermənistan arasında əlaqəni təmin edən “Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyinin təmin edilməsi” ilə bağlı müddəaları Azərbaycan Sazişlə müəyyən edilmiş müddətdə ardıcıl yerinə yetirdiyi halda, Ermənistan müvafiq Saziş üzrə öz öhdəliklərinə məhəl qoymur.
Fransa Senatı tərəfindən 2024-cü il yanvarın 17-də son iki ildə Azərbaycan əleyhinə qəbul edilmiş üçüncü qətnamə təkcə Fransa deyil, bütün dünya birliyi ölkələri parlamentlərinin qanunvericilik fəaliyyəti təcrübəsində görünməmiş bir təzahürdür. Çünki bu absurd qətnamə Azərbaycanı öz ərazilərini bütünlüklə işğaldan azad etmək və eksklav ərazisi – Naxçıvanla əlaqələr üçün şərtləri təmin etmək istiqamətində hərbi addımlar atmasına görə ədalətsizcəsinə qınayır.
2023-cü il noyabrın 15-də ABŞ Senatının qəbul etdiyi “S.3000” Aktı və ya qısaca olaraq “2023-cü il Ermənistanın Müdafiəsi Aktı” adlı digər, əgər belə demək olarsa, qanunverici sənəd də təəccüb doğurur – onun hər sətri paradoksallıqla doludur. Bu sənəd Ermənistanın xarici hərbi maliyyə vəsaiti ilə təmin olunmasına imkan verməsi və hətta bunda israrlı olması ilə yanaşı, həm də “Dağlıq Qarabağ” əhalisinin “təhlükəsizliyinin” təmin edilməsi strategiyasının işlənib hazırlanması və “Əliyev rejiminin ermənilərə qarşı hərəkətlərinə görə” Bakıya sanksiyaların tətbiqini nəzərdə tutur. Görəsən, Amerika Femidasını bu cür sanksiyalar verməyə vadar edən Azərbaycan dövləti və onun başçısının hansı hərəkətlərdir? Axı, bu hərəkətlər Respublikanın Ermənistan tərəfindən 30 ilə yaxındır işğal edilmiş əraziləri üzərində öz suverenliyini qəti şəkildə bərqərar etməyə yönəldilib.
Azərbaycan Respublikası rəhbərliyi milli mənsubiyyətindən asılı olmayaraq keçmiş “Dağlıq Qarabağ”ın bütün sakinlərini Azərbaycan vətəndaşlığını qəbul etməyə çağırır. Əgər belədirsə, Qarabağ iqtisadi rayonu erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsinə səbəb olan hansı olaydan danışmaq olar?! Burda ancaq bir məsələdən söz gedə bilər ki, regionun erməni əhalisi arasında qəzəbli azərbaycanofob erməni təbliğatı aparılır, Azərbaycan Respublikası tərkibində ermənilərin hipotetik yaşayışı barədə məkrli təsəvvəürlər yaradılır və onlar psixoloji təsirə məruz qalaraq bu ərazini təşviş içində tərk etməyə təhrik edilir. Maraqlıdır, Prezident İlham Əliyevin azadlıq missiyasını tənqid edənlər Janna Darkın fransız torpaqlarının ingilis işğalından azad edilməsi uğrunda mübarizəsinə necə yanaşırlar? Onlar bu mübarizəni İngiltərəyə qarşı təcavüz kimi qiymətləndirirlərmi? Bəs, 1774-1776-cı illərdə Corc Vaşinqtonun ABŞ-ın müstəmləkə statusunu hərbi yolla dəyişdirmək və dövlət müstəqilliyi əldə etmək uğrunda hərəkatı Böyük Britaniyaya qarşı qanunsuz hərəkətlər kimi təsnif edilsə, yaxud o dövrdə hər hansı bir dövlət koloniyanın milli-azadlıq hərəkatından metropoloyanın qorunması üçün qanun qəbul etsəydi, amerikalılar buna nə ad verərlər? Və ya əgər XIX yüzilliyin ortalarında Cüzeppe Qaribaldinin başçılığı ilə milli-azadlıq mübarizəsi Avstriya imperiyasına qarşı təcavüz kimi qiymətləndirilsəydi, italyanlar buna hiddətlənməzdilərmi? Axı, fransızların özləri 1920-ci ildə Janna Darkı müqəddəslər siyahısına daxil ediblər. Amerikalılar artıq üçüncü əsrdir ki, Vaşinqtonun xatirəsini ABŞ-nin əsas qurucu-atası kimi ehtiramla anır, onun portretini dollar əskinasında çap etdirir, paytaxtlarını onun şərəfinə adlandırırlar. İtalyanlar Qaribaldinin adını kreyserlər, şəhər meydanları və küçələrə verərək, onu böyük xilaskar kimi xatırlayırlar…
Bəli, İlham Əliyevin siyasətini tənqid edənlərin məntiqində, şübhəsiz ki, bir
ziddiyyət var. Onlar vaxtilə qonşu ölkə ərazisinin iyirmi faizini işğal etmiş terrorçu dövlətə utanmadan himayədarlıq edirlər. Onlar sanki fərqində deyilər ki, bu terrorçu dövlətin silahlı quldur qruplaşmalarına beynəlxalq təşkilatlar işğalçı və təcavüzkar statusu veriblər. Onlar heç cür qəbul eləmək istəmirlər ki, bu silahlı quldur dəstələrinin son nəticədəki məğlubiyyəti törətdikəri azğın əməllərin bədəlini ödəməkdir və Allahın ədalət qanunudan doğur! Onlar Azərbaycan torpaqlarında törətdikləri talan, ölkəyə vurduqları böyük maddi və mənəvi ziyan qarşılığında təzminat ödəməli olan məğlub tərəfin durumu və öhdəliklərini görməzdən gələn platforma ilə çıxış edirlər. Və bütün bunlar Ermənistanın ayağının altına daş qoyur, onun başçısı Paşinyana Azərbaycanla bağlanacaq sülh müqaviləsində öz əsassız iddilarında israr etmək imkanı verir.
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla sülh müqaviləsinin
bağlanması ilə bağlı mövqeyi dəyişməzdir. Təəssüf ki, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan eksklavı arasında Ermənistan ərazisindən nəqliyyat dəhlizinin maneəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində Ermənistan tərəfindən addımlar atılmaması, Ermənistan Konstitusiyasının preambulasında “Dağlıq Qarabağ”a birləşmənin məqsədlərini əks etdirən deklarasiyaya istinadın mövcudluğu – hələ erməni işğalçıları tərəfindən Azərbaycan ərazisində binalar, mühəndislik qurğuları, körpülər, onlarla şəhər və kəndin dağıdılması, dinc sakinlərin qətlə yetirilməsi nəticəsində dəymiş zərərin ödənilməsini demirəm – iki dövlət arasında uzunmüddətli ədalətli sülh müqaviləsinin bağlanmasına imkan vermir.
Yeri gəlmişkən, erməni hərbi-siyasi çirkinliyinin fransız himayədarları Ermənistanın guya ki, 150 kv. km. ərazisini “işğal etdiyinə” görə Azərbaycanı haqsız yerə qınayır, Ermənistan tərəfindən 1990-cı illərin əvvəllərində zəbt edilmiş, yeddisi respublikanın Qazax rayonu ərazisində yerləşən, Kərki adlanan digəri isə Naxçıvan Muxtar Respublikasına aid səkkiz Azərbaycan kəndinin işğal altında saxlanılması barədə isə bilərəkdən susurlar. Və əgər uzun illərdir Ermənistan tərəfindən Azərbaycan ərazisinin iyirmi faizinin işğalına Fransa, Amerika və ümumilikdə Avropanın susduğunu nəzərə alsaq, onda artıq ikiqat deyil, üçqat standartlardan danışa bilərik. Xüsusilə də, Prezident İlham Əliyevin ən yüksək beynəlxalq səviyyəli
sammitlərdə 1918-1921-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə
bağlı bütün bəyanatları kor quyuya atılan daş təsiri bağışlayır. Axı, tarixdən azacıq xəbəri olan hər kəs bilir ki, indiki Ermənistanın paytaxtı – XX əsrin əvvəllərində əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən, əsl adı İrəvan olan “Yerivan” şəhəri Azərbaycan Milli Şurasının qərarı ilə 1918-ci il mayın 29-da yeni elan edilmiş Ermənistan Respublikasına hədiyyə edilib. Üstəlik, mərkəzi bolşevik hakimiyyətinin hərbi-siyasi təzyiqi altında AKP(b) MK-nın Siyasi Bürosu və Təşkilat Bürosu 1920-ci il noyabrın 30-da daha bir regionun – əzəli Azərbaycan torpağı olan Zəngəzur qəzasının sovet Ermənistanına verilməsi haqqında qərar qəbul edib, Bakı Soveti isə həmin il dekabrın 1-də bu qərarı təsdiq edən deklarasiya verib.
Şübhəsiz ki, tarixi ədalət azərbaycanlıların bütün dədə-baba torpaqlarına
qayıtmasını tələb edir və bir neçə nəsil azərbaycanlıların bu qayıdışla bağlı arzularının gerçəkləşməsinin əsas göstəricisi xilaskar lider, müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə tarixə yazılan azadlıq epopeyasidir. Ermənistanın xarici hamiləri – Azərbaycan dövlətçiliyinin tərəqqi və çiçəklənməsinin düşmənləri onu nə qədər günahlandırsalar da, hələ XIII əsrdə rus torpaqlarının Tevton Qərbinin müdaxiləsindən xilaskarı Aleksandr Nevskinin dediyi kimi, “Allah qüvvədə deyil, həqiqətdədir!” Həqiqət isə cəsur, iradəli, ağıllı və uzaqgörən lideri Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqının tərəfindədir!

Adəm İsmayıl