Sənaye zonaları biznes üçün əlverişli məkanlardır?backend
Araşdırma
310

Sənaye zonaları biznes üçün əlverişli məkanlardır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasının əsas alətlərindən biri xüsusi iqtisadi zonaların yaradılmasıdır.  Müasir dövrdə xüsusi iqtisadi zonalar ölkəyə investisiya cəlbini stimullaşdırmaq, yeni texnologiyaların tətbiqini genişləndirmək, ayrı-ayrı ərazi və regionların  inkişafını təmin etmək, nəqliyyat logistika imkanlarını artırmaq, ixracı genişləndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Müxtəlif tipli xüsusi iqtisadi zonaların yaradılmasına son onilliklərdə dünya iqtisadiyyatında baş verən ciddi dəyişikliklər səbəb olub. Dünya təcrübəsində müxtəlif siyasi və sosial-iqtisadi sistemlərdə, ərazilərdə xüsusi iqtisadi zonaların fəaliyyət göstərməsi ilə bağlı böyük uğurlu təcrübə mövcuddur.
Xüsusi iqtisadi zonaların yaradılmasında əsas məqsəd bütövlükdə dövlətin və ya onun ayrı-ayrı ərazisinin inkişafının strateji problemlərinin (xarici ticarət, ümumi iqtisadi, sosial, regional, elmi-texniki) həllidir.
Dünyada xüsusi iqtisadi zonalar əsasən 20-ci əsrin ikinci yarısından etibarən ABŞ, Yaponiya, Koreya, Çin və başqa ölkələrdə yaradılmağa başlanılıb. Dünya Bankının hesabatlarına əsasən hazırda dünyanın 130 ölkəsində 4000-dən çox xüsusi iqtisadi zona mövcuddur ki, onların da qlobal ixracda çəkisi 200 milyard dollardan artıqdır. Azad İqtisadi Zonanın regional təsirlərini əyani görmək üçün Dubaya baxmaq kifayətdir. Belə ki, 1940-cı ilə qədər Dubay kiçik yaşayış məntəqəsi olub. 1979-cu ildə Cəbəl Əli limanının tikilməsi və ardından isə onun ətrafında Azad İqtisadi Zonanın salınması kiçik yaşayış məntəqəsini müasir zamanımızda dünyanın əsas ticarət və maliyyə mərkəzinə çevrilməsinə imkan yaratdı.
Xüsusi iqtisadi zonaların  30-a qədər növü müəyyən edilib. Dünyada ən geniş yayılmış sənaye ixrac zonaları, azad ticarət zonaları, azad texnoloji zonalar (texnoparklar və texnopolislər), azad kompleks zonalarıdır. Bu zonalar növündən asılı ümumi və xüsusi güzəştlər sisteminə malikdir.

 

Azərbaycan xüsusi iqtisadi zonaların yaradılması baxımından əlverişli bölgədir
Əlverişli coğrafi mövqe, logistik imkanlar, siyasi sabitlik, xarici ölkələrlə diplomatik və ticari münasibətlər, əlverişli investisiya mühiti Azərbaycanın xarici investorlar üçün cəlbediciliyini şərtləndirən əsas amillərdir.

 

Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə və İranla quru, Xəzər dənizi sektorunda Türkmənistan, Qazaxıstan, İran və Rusiya ilə dəniz sərhəddinə malikdir.  Azərbaycanın dünyanın 200-dək ölkəsi ilə xarici ticarət əməliyyatları aparır.
Ölkə iqtisadiyyatının və onun ayrı-ayrı regionlarının inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni iş yerlərinin açılması, müasir idarəetmə təcrübəsinin istifadə edilməsi, rəqabət qabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” Sərəncam imzalanıb. Sərəncama əsasən,  Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması məqsədəuyğun hesab edilib.  Ölkədə xüsusi iqtisadi zonaların yaradılması və fəaliyyəti ilə əlaqədar dövlət siyasətinin həyata  keçirilməsi İqtisadiyyat  Nazirliyinə tapşırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli fərmanı ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Hazırda Agentliyin idarəçiliyində 7 sənaye parkı ( Sumqayıt, Pirallahı, Qaradağ, Ağdam, “Araz Vadisi İqtisadi Zonası”, Mingəçevir və Hacıqabul), 3 sənaye məhəlləsi (Masallı, Neftçala, Sabirabad), 24 aqropark fəaliyyət göstərir.

 

Əlverişli infrastruktur imkanları və vergi güzəştləri
Sənaye parklarında müasir və geniş infrastruktur təchizatı rezidentlərə “birbaşa qoşulma” (“Plug&Play”) prinsipi əsasında təklif olunur. Sənaye parklarında içməli, texniki, yanğına qarşı su təchizatı şəbəkələri kanalizasiya xətləri, kimyəvi tullantı, yağış su xətləri, təbii qaz təchizatı xətti, elektrik verilişi xətti, yarımstansıya, transformatorlar, paylanma məntəqələri, avtomobil və dəmir yolları, fiberoptik kabel xətti rezidentlərin istifadəsi üçün təklif olunur. Sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.
Sumqayıt, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parklarının rezidentləri qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq, mənfəət, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar. Bundan əlavə, sənaye parklarının rezidentləri idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə 10 il müddətinə gömrük rüsumlarından azaddır.

 

Sənaye parkları

2011-ci ildə yaradılan Sumqayıt Kimya Sənaye Parkı  neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələrinin üçünı nəzərdə tutulub. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 613 hektar təşkil edir. Ölkəmizin və ümumilikdə regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında 41 müəssisəyə rezident statusu verilib.
Bakı şəhəri Qaradağ rayonu ərazisində 2015-ci ildə Qaradağ Sənaye Parkı yaradılıb. Qaradağ Sənaye Parkının bir rezidenti var, bu da  Bakı Gəmiqayırma Zavodudur.

2015-ci ilə Mingəçevir Sənaye Parkı yaradılıb. Parkın rezidenti kimi “Mingəçevir Tekstil” MMC qeydiyyata alınıb. 20 min ton iplik istehsalı gücünə malik “Mingəçevir Tekstil” MMC-nin pambıq mahlıcından iplik istehsalı üzrə 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) 2018-ci ildə istifadəyə verilib.
Ölkəmizdə əsasən əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə 2016-cı ildə 30 hektar ərazidə Pirallahı Sənaye Parkı yaradılıb. Hazırda Pirallahı Sənaye Parkında 7 müəssisə rezident kimi qeydiyyatdan keçib vıə onlardan 2-si fəaliyyətə başlayıb.
İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, sənaye potensialının inkişaf etdirilməsi məqsədilə dövlət başçısının 2021-ci ildə 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Sənaye Parkında 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda hazırda 9 müəssisə fəaliyyət göstərir.
Logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən “Araz Vadisi İqtisadi Zonası” 2021-ci ildə 200 hektar ərazidə yaradılıb. Hazırda Sənaye Parkında 13 sahibkarlıq subyektinə rezidentlik, 1 sahibkara isə qeyri-reizdentlik statusu verilib. Parkda hazırda 1 müəssisə fəaliyyət göstərir.
2024-ci il də yaradılan Hacıqabul Sənaye Parkı 60 hektar ərazini əhatə edir. Hazırda Sənaye Parkında 14 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Ümumilikdə sənaye parklarında 118 sahibkarlıq subyekti rezident kimi qeydiyyata alınmışdır. Bunlardan 55-i artıq fəaliyyətə başlayıb. Sənaye parklarının rezidentlərinə vergi və gömrük rüsumlarından 489 milyon manat azadolma tətbiq edilib.

Sənaye məhəllələri
Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanı ilə müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.
10 hektar torpaq sahəsində yaradılmış və 2017-ci ildə açılışı edilmiş Neftçala Sənaye Məhəlləsində avtomobil, balıq yemi, balıq və dəniz məhsullarının emalı və konservləşdirilməsi, orqanik maye gübrə, elektrod, soya və ekstruziya olunmuş pambıq jmıxı istehsalı üzrə qeydiyyatdan keçmiş 6 müəssisə fəaliyyətə başlayıb. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılması nəticəsində ümumilikdə 300-dək iş yeri yaradılıb.
Masallı Sənaye Məhəlləsi 2018-ci ildə istifadəyə verilib. Hazırda sahibkarlıq subyektlərinin istifadəsinə verilmiş sənaye məhəlləsində 9 müəssisə iştirakçı kimi qeydiyyata alınıb. Artıq 5 müəssisə istehsal fəaliyyətə başlayıb.
2017-ci ildə təməli qoyulan Sabirabad Sənaye Məhəlləsində fəaliyyət göstərmək marağında olan sahibkarların müraciətləri əsasında iştirakçı kimi 8 müəssisə qeydiyyatdan keçib və onlardan 6-sı fəaliyyətə başlayıb. Ümumilikdə sənaye məhəlləsi üzrə 250-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur.

 

Sənaye zonalarının ixracda payı artır
İqtidsadi Zonaları İnkişafı Agentliyinin məlumatına görə 2013-cü ildən indiyədək sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,88 milyard manat olan 157 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 9400-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
2015-ci ildən 2024-cü ilin oktyabrın 1-dək sənaye zonalarında 14,5 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,7 milyard manatlıq hissəsi ixrac edilib. Bu ilin 9 ayı ərzində sənaye zonalarında 2,4 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 801milyonluq hissəsi ixracın payına düşür.
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən artıq ölkəsinə ixrac edilib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 17,5 faiz,  ixracında isə 26 faiz  təşkil edib.
Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 70-dən çox ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac edilib.