Yeni qanun layihəsi: Qiymətləndirmə sektoru yenidən dizayn olunur – Nahid Həsənov yazırbackend
Manşet
438

Yeni qanun layihəsi: Qiymətləndirmə sektoru yenidən dizayn olunur – Nahid Həsənov yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulu və Azərbaycan Qiymətləndiricilər Palatasının təsis olunması ilə qiymətləndirmə sektoru yeni inkişaf mərhələsinə daxil olacaq. Oktyabrın 27-də ölkəmizin tarixində ilk dəfə olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanları keçiriləcək. Ən azı 15 müvəfəqiyyət qazanan qiymətləndirici Azərbaycan Qiymətləndiricilər Palatasını və onun rəhbərliyini formalaşdıracaq.

Azərbaycanda qiymətləndirmə sektoru ötən əsrin 90-cı illərindən inkişaf etməyə başlayıb. Xüsusilə, mülkiyyətin özəlləşdirilməsi və iqtisadi keçid dövründə qiymətləndirmə aktuallıq qazanmağa başlayıb. Sonrakı dövrlərdə həm dövlət, həm də özəl sektorun bu sahədə peşəkar xidmətlərə marağı artdı və bununla da qiymətləndirmə sektoru keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ötən 25 illik dövr ərzində tədricən inkişaf edən və ekosistemin ayrılmaz tərkib hissəsi olan sektor ən yaxın keçmişə qədər əsasən daşınmaz və daşınar əmlakın qiymətləndirilməsi ilə məşğul olurdu. Sonradan isə müəssisələrin, bizneslərin, səhmlərin, avdanlıqların, mədəni irsin, dəymiş zərərin, xidmətlərin və s. qiymətləndirilməsi ilə sektor iqtisadi sistemə daha geniş təsir imkanları əldə etdi.

Lakin bütün bunlarla yanaşı, qiymətləndirmə sektorunun peşəkar inkişaf səviyyəsi, beynəlxalq standartlara tam uyğunlaşa bilməməsi, sertifikasiya və təlim proqramlarının aşağı həddi, peşə təhsili və digər problemlər hələ də öz həlini tapmayıb. Bunun da öz növbəsində obyektiv və subyektiv səbəbləri var. Başlıca maneeələrdən biri qiymətləndirilərin özünütənzimləmə mexanizmlərinin mövcud olmaması və bu şəraitdən bəzi işbazların öz maraqları naminə istifadə etməsidir. Baxmayaraq ki, əmlak, eləcə də bank kreditləri üçün zamin qoyulan əmlak, biznesin qiymətləndirilməsinə ciddi tələb var və maliyyə təsisatları ilə yanaşı, dövlət müəssisələri də qiymətləndirmə xidmətlərinə mütəmadi olaraq müraciət edir, hələ də qeyd olunan peşəkarlıq səviyəsini artırmaq mümkün olmayıb.

XXI əsrin qızıl standartı – Beynəlxalq Qiymətləndirmə Standartları (IVS) Beynəlxalq Qiymətləndirmə Standartları Şurası (IVSC) tərəfindən hazırlanıb və bu gün inkişaf etmiş və etməkdə olan ölkələrin təcrübəsində geniş istifadə olunur. Bu standartlar qiymətləndiricilərə şəffaf, müstəqil və obyektiv qiymətləndirmə aparmaq üçün vahid qaydalar müəyyən edir. IVS-dən istifadə qiymətləndiricilərin hesabatlarının beynəlxalq miqyasda qəbul edilməsinə səbəb olmaqla yanaşı, digər standartlar üçün də baza rolunda çıxış edir. Azərbaycanda qiymətləndiricilər arasında beynəlxalq standartların tam tətbiqi hələ mümkün olmasa da, sevindirci məqamdır ki, ciddi inkişaf mərhələsindədir. “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin qəbulu,  Qiymətləndiricilər Palatanın yaradılması və qanunvericiliyin təkmilləşdirilməsinin bu istiqamətdə müsbət dəyişikliklərə yol açacağı gözlənilir.

Yeni qanun qiymətləndirmə fəaliyyəti ilə bağlı daha dəqiq və şəffaf mexanizmləri özündə ehtiva edir. Əsas məqsəd qiymətləndirmə sektorunu tənzimləmək və peşəkar səviyyədə idarə olunmasını təmin etməkdir. Qanun layihəsində qiymətləndirmə xidmətlərinin keyfiyyətini artıracaq peşəkar qiymətləndiricilərin sertifikatlaşdırılmasının məcburi xarakter daşıması, qanunla beynəlxalq standartlara uyğun qiymətləndirmə tələblərinin müəyyən edilməsi, sektorun fəaliyyətinin hüquqi və inzibati çərçivələrlə tənzimlənməsi mühüm amillərdəndir. Yaxın aylarda Qiymətləndiricilər Palatasının fəaliyyətə başlaması ilə bu proses dönməz xarakter alacaq və qısa müddət ərzində tənzimləmə mexanizmlərinin və inzibati təsir rıçaqların formalaşmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində sektorda mövcud olan problemlərin aradan qaldırılmasına ciddi töhfələr verəcək.

Palatanın fəaliyyətindən strateji gözləntilər sırasında beynəlxalq standartlara uyğun təlim və sertifikasiya prosesinin icrası, sektorun peşəkarlıq səviyyəsini qaldırmaq, şəffaflıq və hesabatlılığın yüksəldilməsi, qiymətləndirmə xidmətlərinin keyfiyyətini artırmaq kimi məramlar xüsusi qeyd oluna bilər. Prosesin ümumilikdə Palatanın nəzarəti altında həyata keçirilməsi və qurumun qiymətləndiricilər tərəfindən formalaşması da vacib məqamdır. Yəni, Palata hökumət tərəfindən yaradılsa da, formalaşdırılması, idarə olunması və qərarları qiymətləndiricilərin iştirakı ilə təşkil olunacaq. Azərbaycanın qiymətləndirmə sektorunun beynəlxalq bazara inteqrasiyasının gücləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılması, qiymətləndirmə xidmətlərinin keyfiyyətinə nəzarətin yüksəldilməsi həm dövlət, həm də özəl sektorun daha etibarlı qiymətləndirmə xidmətləri əldə etməsinə zəmin yaradacaq.

Baxmayaraq ki, Azərbaycanda qiymətləndirmənin tarixi müstəqilliyimizin tarixi qədərdir, təəssüf ki, bu günə qədər mövcud olan neqativ halların aradan qaldırılmasına nail olunmayıb. Yeni nəsil qiymətləndiricilərin yetişdirilməsi, qiymətləndiricilərin bilik və bacarıqlarının artırılması, beynəlxalq müstəviyə çıxış imkanları müasir dövrün tələbidir! Bundan həm qiymətləndiricilər, həm də sifarişçilər, həm də bütövlükdə Azərbaycan iqtisadiyyatı qazanacaq!

Müəllif: Nahid Həsənov, “FM Consulting” şirkətinin təsisçisi və direktoru, əmlak eksperti