“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı Gəmilərin Eritreya dövlətinin ərazi sularında saxlanılması ilə bağlı açıqlama yayıb.
Apress.az modern.az-a istinadən xəbər verir ki məlumatına görə, şirkətdən bildirilib ki, “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri sahibkarlıq fəaliyyəti çərçivəsində Əbu-Dabi limanına yola düşmüş və müəyyən edilmiş marşrut üzrə səfərin Süveyş kanalından keçməklə həyata keçirilməsi nəzərdə tutulub:
“Qeyd edək ki, gəmilərin riskli piratlıq qaynar nöqtələrdən keçməsi nəzərdə tutulduğu üçün təhlükəsizliyin təmin edilməsinə ehtiyac yaranıb və bu məqsədlə gəmilərin mühafizəsini təmin etmək sahəsində ixtisaslaşmış müvafiq şirkət ilə müqavilə bağlanılaraq gəmilərə hər bir gəmiyə 2 nəfər olmaqla hərbiləşdirilmiş mühafizə qrupları ilə təmin edilib.
07.11.2024-cü il tarixdə gəmilər Eritreya dövlətinin dəniz sahil xəttindən keçərkən hava şəraiti səbəbindən Eritreya dövlətinin ərazi sularına girməklə hərəkəti davam etdirmək qərarı verilmişdir və gəmi kapitanları tərəfindən ərazi sularına daxil olmaqla bağlı məlumatın çatdırılması üçün Eritreyanın təhlükəsizlik və sahil mühafizəsi qurumları ilə VHF-16 beynəlxalq kanalı vasitəsilə əlaqə saxlanılmasına çalışılıb, lakin cavab alınmayıb.
Noyabrın 7-si yerli vaxtla saat 10:06 radələrində gəmidən əldə etdiyimiz hesabata əsasən, yuxarıda adı çəkilən hər üç gəminin 13°23’N, 042°39’E koordinatlarında Eritreya hərbi donanması xidməti tərəfindən saxlanıldığı məlum olmuşdur. Belə ki, Eritreya hərbi donanması xidmətinin tələblərinə uyğun olaraq gəmilər hərəkət kursunu dəyişərək Eritreya hərbi donanmasının təyin etdiyi məntəqəyə gəlmişlər və lövbərə dayandıqdan sonra hərbi donanmanın nümayəndələri tərəfindən yoxlama prosesinə cəlb ediliblər.
***
12:27
7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib.
Keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb. Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşlarıdır.
“Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb.
Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.
Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir”,-o deyib.