20 Yanvar ilk deyildi, son da olmadı…backend
Cəmiyyət
203

20 Yanvar ilk deyildi, son da olmadı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sovet qoşunları 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Bu, Sovet İttifaqının son illərində azadlıq və müstəqillik uğrunda mübarizə aparan xalqlara qarşı ilk müdaxiləsi deyildi, heç son da olmadı…

Alma-Ata – 1986

Sovet dövləti 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada törətdiyi cinayətləri 1986-cı ildə Qazaxıstanda təkrarladı.  Həmin ilin dekabr ayının 16-da Qazaxıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin Birinci katibi, milliyətcə qazax olan Dinməhəmməd Kunayev vəzifəsindən azad edilərək yerinə milliyyətcə rus olan Gennadi Kolbin seçilmişdi.

Ertəsi gün yüzlərlə gənc Alma-Atanın Brejnev (indiki Respublika)  meydanına axışdı. Onlar “Hər respublikaya – öz rəhbəri”, “Heç bir millətə üstünlük verilməməlidir”şüarları səsləndiriblər. SSRİ-nin daxili işlər naziri A.A.Vlasovun əmri ilə daxili qoşunların xüsusi hissələri şəhərə yeridildi. Şəhərdə törədilən qırğınlar zamanı 168 nəfər həlak olub, 1700-dən artıq şəxs yaralanıb. Ancaq rəsmi rəqəmlərdir, müstəqil mənbələr qurbanların sayının daha çox olduğunu bildirir.

Tbilisi – 1989

1989-cu il aprelin 9-u Tbilisinin mərkəzindəki etiraz aksiyası sovet qoşunu tərəfindən dağıdılıb. Nümayişlər Abxaziyanın Gürcüstan SSR-in tərkibindən çıxmaq tələbindən sonra başlamışdı. Aksiyaçılar Gürcüstanın müstəqilliyini tələb edən şüarlar səsləndirirdi. Sovut qoşunlarının sərt müdaxiləsi nəticəsində 3-ü yeniyetmə, çoxu qadın olmaqla 20 nəfər həlak olub, yüzlərlə gürcü yaralanıb.

Bakı – 1990

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb.

Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Vilnüs – 1991

1991-ci il yanvarında sovet qoşunları Vilnüsdə SSRİ-nin Litvaya müstəqillik verməsini tələb edən dinc nümayişçilərə divan tutub. Qırğınlar nəticəsində 13 nəfər həlak olub, 600-ə qədər adam isə yaralanıb.“TV qülləsi hadisələri” Litvanın müstəqillik yolunda ödədiyi ağır bədəllərdən biridir.