6,5 milyon insanı yandıran almanlara Azərbaycandan SƏRT CAVAB: Heç olmasa, gedib ermənilərin… – MÜSAHİBƏbackend
Müsahibə
468

6,5 milyon insanı yandıran almanlara Azərbaycandan SƏRT CAVAB: Heç olmasa, gedib ermənilərin… – MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almanlar Azərbaycanın hansı əməllərinə haqlı irad bildirə bilərlər? Onlar İkinci Dünya Müharibəsində dünyaya az zülm etməyiblər. 6,5 milyon yəhudini ölüm kameralarında yandırıblar… Ermənilərin simasında Qarabağda görərlər ki, almanlardan da betərini edən, onlardan da irəli gedən xalqlar mövcuddur. Ermənilər təkcə insanlara deyil, torpağa, evlərə, fauna və floraya da müharibə elan etmişdilər. Ermənilər SS-ləri də, gestapoları da, nasizmin digər qollarını da ötüb keçiblər.

Bu fikirləri Publika.az-a müsahibəsində sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib.

– Almaniya Federativ Respublikası “İctimai Televiziyası”nda yayımlanan tok-şounun efirində aparıcı Markus Lanz Azərbaycanı Qarabağda aparılan əməliyyatlar çərçivəsində bütün ölümcül günahlarda qınadı. 30 il Qarabağın həqiqətlərinə susan və hətta, Vətən müharibəsi və ondan sonrakı 3 ay ərzində də bu ilahi susqunluğu pozmayan Almaniyanı Azərbaycana qarşı hücuma keçməyə nə vadar etdi?

– Almaniya 44 günlük müharibə dövründə özünün neytrallığını qoruyub saxladı. Hətta bəzi məsələlərdə, xüsusilə, müharibə başa çatdıqdan sonra Azərbaycan tərəfindən müharibənin aparılması taktikası, Ordumuzun rəşadəti və bu kimi nüanslarda müxtəlif kütləvi informasiya vasitələrində təriflər etdi. Qeyd edildi ki, Azərbaycan öz torpaqları uğrunda vuruşurdu, ermənilər bu əraziləri işğal etmişdi və sair. İndi isə birdən-birə Almaniyanın İctimai Televiziyasında təşkil olunan dəyirmi masa ətrafında özünü politoloq adlandıran müxtəlif tipli şəxslər Azərbaycana qarşı ciddi hücuma keçib. Əllərində heç bir fakt olmadan, üstəlik, özlərini rüsvay edəcək formada torpaqlarını azad edən xalqı tənqid atəşinə tutdular. Əlbəttə, burada ekspert rəyi kimi erməni əsilli media kapitanı Marqarita Simonyanın rəylərinə tez-tez istinad etdilər. Bu qadın Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır və həyatı boyu bir dəfə də olsun, Azərbaycan haqqında xoş kəlmə deməyib. İndi bilmirəm, Almaniyaya nə gəlmişdi ki, Simonyanı ekspert səviyyəsində seçərək onun baxışlarını ictimailəşdirdi və bu qatı şovinist erməni qadını Azərbaycan xalqının ünvanına ağzına gələni danışdı. Əgər bunlar müstəqil televiziyadırlarsa, azad söz tərəfdarıdırlarsa, həqiqəti açmaq istəyirlərsə, heç olmasa, bir nəfəri də Azərbaycandan dəvət edərdilər və ya internet vasitəsilə bağlantı qurardılar. Bundan başqa, heç olmasa, müstəqil ekspertlərdən bəziləri Azərbaycanın mövqeyindən çıxış edə bilərdi. Amma müzakirənin əvvəlindən axırına qədər Azərbaycana qarşı gözlərini yumub, ağızlarını açdılar.

– Almaniyanın bu təxribat xarakterli addımının arxasında hansı qüvvələr dayanır?

– Burada erməni və rus lobbiçilərinin təsiri aydın hiss olunur. Almaniyaya böyük investisiya qoyan və sayları xeyli dərəcədə artan rus və ermənilər vahid sıralarda birləşərək müxtəlif kütləvi informasiya vasitələrini müxtəlif yollarla ələ alır, onların tribunalarından bəşəri xarakterli qatı millətçilik və hətta neofaşist ideyalarını təbliğ edirlər. Almaniyanın İctimai Televiziyasında Azərbaycana qarşı səsləndirilən fikirləri dinləmək normal insanlar üçün çətin, hətta deyərdim ki, mümkünsüzdür. Dünya Almaniyanı bu cür tanımır. Almaniya azad fikrin, azad sözün, insan hüquqlarının, demokratik dəyərlərin, vətəndaş cəmiyyətinin mövcud olduğu bir ölkədir. Birdən-birə burada neofaşizm timsalında faşizmin boy göstərməsi almanların özü üçün böyük töhmət olacaq. Bir müddət keçəndən sonra özləri də bunun fərqinə varacaqlar. Alman xalqı özü bu yolu keçib. Ağır müharibə, faşizm dövrü yaşayıblar. Yəhudilərə qarşı dəhşətli soyqırımı törədiblər. Daha sonra özündə güc tapıb buna görə yəhudilərdən üzr istəyə biliblər. Amma indi Almaniyada müəyyən sağçı dairələr var ki, bəzi vədlərə, pullara, hədiyyələrə aldanaraq öz efir məkanlarını ermənilərin və rus qiyafəsində olan erməni düşüncəlilərin ixtiyarına verib. Hər halda, ermənilər nəyisə pulsuz və hədiyyəsiz etmirlər. Yaxşı, fikir plüralizmidirsə, efir məkanında Marqarita Simonyan at oynadırsa, imkan verin, beş-üç kəlmə də Azərbaycandan bir ekspert öz fikirlərini sizin efirinizdən səsləndirsin. Axı öz xalqınızı niyə aldadırsınız? Xalqınızı niyə yalanlarla bəsləmək istəyirsiniz? Axı siz pis-yaxşı müəyyən qədər Azərbaycan haqqında obyektiv informasiya verdiniz. İndi xalqın içindəki dərin düşüncəli insanlar deməzmi ki, indiyə qədər bu cür danışan televiziya necə oldu axı Azərbaycan xalqının ünvanına uydurma, böhtan xarakterli fikirlər səsləndirdi? O fikirlər ki, Marqarita Simonyan illərdir ki, Rusiyanın “Birinci Kanalı”ndan Azərbaycana qarşı səsləndirir. Çox biədəb bir mənzərə idi. Qəbuledilməz, həzm edilməsi mümkün olmayan situasiya idi.

– Azərbaycan bu durumda hansı miqyasda tədbirlər görməlidir?

– Azərbaycan Dövləti, Xarici İşlər Nazirliyi, Diaspora Komitəsi bunun cavabını mütləq lazımi səviyyədə verəcək. Ölkəmizin KİV-ində bu məsələlər geniş işıqlandırılır. Eyni zamanda, alman mətbuatına da çıxmaqdayıq. Alman mətbuatı vasitəsilə müzakirədə səsləndirilən erməni yalanlarının cavabı, sözsüz ki, veriləcək.

– Almaniyanın Azərbaycandakı səfirinin son hadisələr fonunda ağır oturub batman gəlməsini necə qiymətləndirirsiniz?

– Nə zamandan Almaniya belə mübahisəli məsələlərin götür-qoy edildiyi, haqq-hesabının çəkildiyi bir ölkəyə çevrilib? Sadəcə olaraq, alman xalqı öz mədəni inkişaf səviyyəsi, dünyaya verdiyi böyük töhfələrə görə dünya xalqları tərəfindən hörmətlə qarşılanır. Amma bu müharibə dövründə Azərbaycan ordusuunun ermənilər üzərində sarsıdıcı qələbəsindən sonra hətta Almaniyanın Azərbaycandakı səfiri də ağzına su alıb oturub. Üstəlik, bütün ölkələrin səfirləri erməni işğalından azad olunmuş ərazilərə gedib, baxıb və orada erməni vandalizminin şahidi olarkən, Almaniyanın Azərbaycandakı səfiri qapılarını möhkəm-möhkəm bağlayıb və yəqin ki, içəridə Marqarita Simonyanın təlimatlarını dinləyib. Hər halda, baş verənlər Azərbaycan üçün nə qədər üzücüdürsə, alman xalqının tərəqqipərvər düşüncəli şəxsləri üçün bundan da artıq üzücü olmalıdır. Çünki Almaniya dövrü müasir mədəni inkişaf dövrüdür, sivilizasiya dövrüdür. Onlar ağa ağ, qaraya qara deməyi bacarırlar. Amma bu dəfə, çox təəssüflər olsun ki, ağa qara dedilər. Özü də elə utanmadan-çəkinmədən, abır-həya etmədən faktları təhrif etdilər ki, adam az qalır ki, alman xalqının tarixinin böyüklüyünə, zənginliyinə də şəkk eləsin.

– Alman mətbuatı fonunda erməni lobbisinin Azərbaycanın qəti qələbəsinə qarşı təxribat kampaniyalarının aparılması nə qədər effektiv ola bilər və bu proses neçə müddət davam edəcək?

– Bu təxribatın heç bir effekti olmayacaq. Bumeranq xarakterli hərəkət idi və sonunda qayıdıb özlərinə dəyəcək. Bunlar Azərbaycanın hansı hərəkətinə öz iradlarını bildirə bilərlər? Ermənilər torpaqlarımızı işğal etmişdi və 30 il ərzində işğal altında saxladılar. Var-dövlətimizi yağmaladılar, 1 milyondan artıq insanı yurd-yuvalarından didərgin saldılar, etnik təmizləməyə məruz qoydular. İndi işğaldan azad olunmuş 7 rayonun ərazisində, elə bil, səmum yeli əsib. Sığınmağa bir dənə olsun, yer yoxdur. Almanlar, heç olmasa, tərif etdiyi xalqın əməllərinə gedib baxsın da. Azərbaycan dövləti hər bir şərait yaradıb bunun üçün. Heç olmasa, səfirləri gedib görsün. Onda bəlkə təsəvvürləri, dünyagörüşləri müəyyən qədər genişlənər.