7 fənnin müəllimlərinin sertifikasiyası GÖZLƏNİLİRbackend
Cəmiyyət
240

7 fənnin müəllimlərinin sertifikasiyası GÖZLƏNİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda müəllimlərin növbəti dəfə sertifikasiyadan keçəcəyi gözlənilir. Sertifikasiyanın nə vaxt başlayacağı, hansı fənninin müəllimlərinin cəlb ediləcəyi rəsmi olaraq açıqlanmayıb.

Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın hələlik iclası keçirilməyib.

Apress.az-a daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin –  tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək.

Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib. Məsələ ilə bağlı məktəb direktorlarına məlumat verildiyi bildirilir. Elm və təhsil naziri Emin Əmrullayevin son həftələrdə məktəb direktorları ilə görüşlərdə də sertifikasiya prosesinin müzakirə edildiyi, onlara bu barədə tapşırıqlar verildiyi qeyd olunur.

Təhsil İnstitundan sorğumuza cavab olaraq bildirilib ki, Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclasının nə vaxt keçiriləcəyi barədə məlumat yoxdur.

Bəzi ekspertlər sertifikasiya imtahanlarının çətinləşdiriləcəyini düşünür. Mövzu ilə bağlı saytımıza danışan elm və təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, sertifikasiya imtahanları nə qədər çətin olsa o qədər yaxşıdır:

“Çətin demək bəlkə də doğru olmaz, amma əvvəlki imtahanlar səviyyəsində hətta bir az çətin olması yaxşı olardı. Çünki sertifikasiya imtahanı təhsil sistemimizdə olan vəziyyəti üzə çıxardı. Biz cəmiyyət olaraq təhsilin inkişafını düşünürüksə, biz sertifikasiyanı ayaqda alqışlamalıyıq. Bu imtahanlar bizim təhsilverənlərimizin tənbəlliyini ortaya çıxardır”.

Ekspertin sözlərinə görə, ibtidai sinif müəllimlərinin sertifikasiyası imtahanının nəticəsinə görə, 17 minə yaxın müəllim mənfi nəticə əldə etdi:

“Ondan sonra bir il əlavə müddət verildi. Sonra həmin müəllimin yarısı yenə eyni şəkildə kəsildi. Bu o deməkdir ki, məktəblərimizdə təhsilverənlərin əksəriyyəti öz ixtisasını bilmir, bəziləri də öz ixtisası üzrə işləmir. Xüsusilə də ibtidai sinif müəllimləri fərqli ixtisaslardan gələnlərdir. Kitabxanaçılığı, laborant olub ali təhsili olmayan məktəbdə ibtidai sinif müəllimi kimi işləyənlər var idi. Buna görə də bəzi müəllimlər ələkdən keçirilməli idi. 2026-cı ildə sertifikasiyanın yekunlaşması planlaşdırılır. Bundan sonra bəzi layihələr ortaya çıxacaq. Məsələn ümumtəhsil məktəblərində yuxarı siniflərdə təhsil sisteminin dəyişilməsi baş verə bilər. Sertifikasiya imtahanında yaxşı nəticə göstərən müəllimləri yuxarı sinif şagirdlərinin tədris prosesinə cəlb etmək ön planda durmalıdır”.

Qeyd edək ki, Emin Əmrullayev ötən il parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyd edib ki, 2025-ci ildə 20 minədək müəllimin sertifikatlaşdırmaya cəlb olunması nəzərdə tutulub.