ABŞ-dakı erməni diasporu prezident Donald Trampın komandasında yer almış vəzifəli şəxslərlə əlaqələri gücləndirməyi hədəfləyir.
Apress.az xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, ABŞ-dakı erməni diasporu Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə təyin etdiyi Tulsi Qabbarda böyük ümidlər bəsləyir.
Konqresin Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbard ABŞ-dakı erməni lobbisi ilə də yaxın əlaqələrə malikdir.
Tulsi Qabbardın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə təyinatı erməni dairələrini sevindirib. Ermənistan KİV-ləri onun təyinatı barədə xəbəri rəğbətlə tirajlayıblar.
T.Qabbard bu təyinatadək ABŞ-dakı erməni strukturları ilə kifayət qədər sıx əlaqələr saxlayıb. 2017-ci ildə Amerika Erməni Komitəsinin təşkil etdiyi konfrans çərçivəsində Ermənistana gəlib və o vaxt işğal altında olan Qarabağa qanunsuz səfər edib.
Tulsi Qabbard Qarabağa qanunsuz səfəri zamanı Xankəndinin girişindəki “Biz və bizim dağlar” abidəsinin önündə şəkil də çəkdirib.
O, əslən Havaydandır və bu ştat 2016-cı ildə qondarma “Dağlıq Qarabağ”ın “müstəqilliyini” tanımışdı.
Tulsi Qabbard 2017-ci ildə Qarabağa qanunsuz səfər etdiyinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına da salınıb və “arzuolunmaz şəxs” elan edilib.
43 yaşlı T.Qabbard 2003-2020-ci illərdə Havay Ordusunun Milli Qvardiyasında xidmət edib. İraq müharibəsi veteranıdır və polkovnik-leytenant rütbəsinə malikdir.
2002-ci ildə Demokratlar Partiyasından Havay Nümayəndələr Palatasına seçilərək ABŞ ştatının qanunverici orqanında (23 yaş) ən gənc qadın olub. O, 20 ildən çox Demokrat Partiyasının tərəfdarı olub. 2020-ci ildə seçki mübarizəsində Cozef Baydeni dəstəkləyib
Tulsi Qabbard 2022-ci ildə Demokratlar Partiyasını tərk edib və Donald Trampa rəğbət bəsləməyə başlayıb.