Türkiyəli müğənni Mert Demir “5 milyon dollarlıq reklam eşqi” iddiaları ilə bağlı ilk dəfə açıqlama verib.
“Apress.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, bununla bağlı öz instaqram hesabında paylaşım edib.
“Son bir ildir, haqqımda çıxan yalan xəbərlərə və iftiralara baxmayaraq, susuram. Bu qalmaqalların ortasında olmağı heç vaxt istəməmişəm. Amma görürəm ki, səssiz qalmağımla pisniyyətli insanların çörəyinə yağ sürtmüş oluram. Nəticədə yayılan yalan xəbərlər bəziləri tərəfindən gerçək olaraq qəbul edilir. Bu da məni və bizi sevənləri kədərləndirir.
Dostlar, karyeramda bu zirvəyə gəlməyimin tək səbəbi illərdir çəkdiyim əziyyətdir. Gəncliyimin ən gözəl illərini studiyalarda öyrənərək keçirmişəm. Heç bir səsyazma şirkətinin, prodüserin, sponsorun dəstəyi olmadan karyeramda buralara gəlib çıxmışam.
Bu həqiqətə inanmaq istəməyən pisniyyətli insanlar məni gözdən salmaq üçün bir ildir ki, mütəmadi olaraq mənə hücum edir, ailəmi, şəxsi həyatımı, işimi hədəfə alırlar. Mən səssiz qaldıqca daha da cəsarətlənirlər. Hər bir uğurumun arxasında başqa səbəblər axtarıldı, ailəm araşdırıldı, xoşbəxt şəkildə davam edən münasibətim çox müzakirə olundu, bunun “reklam eşqi” olduğunu söylədilər, cinsiyyətimlə bağlı yalanlar danışıldı, mənim kiminsə bir layihəsi olduğumu dedilər. Yalnız bir həqiqət var: işimi həvəslə görürəm və bunun qarşılığını xalqdan alıram. Mən “reklam eşqi”nin içərisində yox, çox sevdiyim və aşiq olduğum bir münasibəti yaşayıram”, – deyə müğənni bildirib.
Qeyd edək ki, bir müddət öncə Türkiyədə məşhurların çalışdığı “D İletişim” şirkətinin həmtəsisçisi Ayşe Barımın aktrisalardan birinin transseksual müğənni ilə sevgili olması görüntüsünü yaratmağa çalışdığı, hətta ondan bunun müqabilində 5 milyon dollar pul aldığı iddia edilib. Daha sonra isə əslində bunu adı açıqlanmayan iş adamının etdiyi ortaya çıxıb.
Bundan sonra sosial şəbəkələrdə həmin şəxslərin bir müddət öncə münasibətləri olan Serenay Sarıkaya ilə müğənni Mert Demir olduğu barədə müzakirələr aparılıb. Bildirilir ki, iş adamı sözügedən məbləği Ayşe Barım vasitəsilə Sarıkaya və Demirə çatdırıb. Məqsəd isə müğənninin piarının aparılması və karyerasında yüksəlişin əldə edilməsi olub.
Hadisələr fonunda şirkət açıqlama da yayıb: “D İletişim” 2002-ci ildən bəri Türkiyənin ən sevilən və menecerlik fəaliyyəti yönündə xidmət verən lider şirkətlərindəndir. Həmtəsisçimiz Ayşe Barım və birlikdə çalışdığı aktrisa Serenay Sarıkaya ilə bağlı real olmayan əxlaqsız ifadələrə görə məhkəməyə müraciət ediləcək”.
Bu açıqlamanı S. Sarıkaya da paylaşaraq iddiaları əsassız adlandırıb.
Daha sonra KİV-də S. Sarıkaya və M. Demirin “5 milyon dollarlıq reklam eşqi” iddiaları ilə bağlı məhkəmədə ifadə verəcəkləri, onların telefon danışıqlarının da çirkli pulların yuyulması və vergidən yayınma ehtimalı ilə bağlı araşdırılacağı barədə məlumatyayılıb.
Məlumat üçün bildirək ki, Ayşe Barım Bergüzar Korel, Ceyda Düvenci, Hazal Kaya, Hande Erçel, Halit Ergenç, Mert Yazıcıoğlu kimi məşhurların da meneceri olub.