AFFA-nın “Xəzər-Lənkəran sevgisi”nə proloqbackend
İdman
679

AFFA-nın “Xəzər-Lənkəran sevgisi”nə proloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da futbolun “inkişafına” rəhbərlik edən, ölkə çempionatlarını nizamlayan, bununla bağlı qərarlar qəbul edən və s. işlərlə məşğul olan bir qurum var. Adına da AFFA deyirlər, yəni Azərbaycan Futbol Federasiyaları Assosasiyası.

Lakin dünya ölkələrindən fərqli olaraq “bizim” AFFA futbolu nəinki inkişaf etdirmir, əksinə onu necə lazımdır yıxıb sürüyür, ağzını-burnunu əzib-əzişdirib göndərir “cərimə meydançasına”. Vallah, məni qınamayın, bu qurum haqqında elə şeylər eşidirsən ki, ağıl belə qəbul edə bilmir. Bu ali futbol qurumunun əsil funksiyalarını bir kənara atıb, transfer fırıldaqlarından, sifarişli oyunlardan, millinin heyətinin müəyyənləşdirilməsinə müdaxilələrdən tutmuş, liqaların tərkibinin formalaşdırılmasından, yerli və əcnəbi məşqçilərlə aparılan qaranlıq sövdələşmələrdən və bazarlıqlardan tutmuş, klubların maliyyə vəziyyətinin “müəyyənləşdirilməsinə” qədər bütün hər işlə məşğul oluğu iddia edilir. Bu iddiaların nə dərəcədə doğru olub olmadığını bilmirik, lakin, ölkə futbolunun 30 il ərzində “qazancı” 0:10, 0:8; 0:6; 0:5, 1:5, 0:4 və s. bu kimi çoxsaylı və biabırçı məğlubiyyətlərlə zəngin olduğu acı bir gərçəkdir.

AFFA Azərbaycan birinciliyini Bakı birinciliyi səviyyəsinə endirib. Ölkənin ən mühüm futbol şəhərlərini futbola həsrət qoyub. Lənkəran, Yevlax, Şəmkir, Zaqatala və s. illərdən bəri böyük futbola həsrət qalıb. Gəncə, Tovuz, Sumqayııt kimi şəhərlərə isə futbol yalnız son illərdə qayıdıb. Halbuki bu şəhərlərin hər birinin yaxın tariximizdə futbolla bağlı yaddaqalan uğurları olub. “Sədəqə”, “fitrə” kimi payladığı və bununla da klubları özünün maliyyə asılılığında saxlayan AFFA, Azərbaycan futbolunun inkişafına dəstək vermək istəyən iş adamlarını da ölkədən incik salmağı bacarıb. Bu baxımdan AFFA-nın, o cümlədən onun başında təmsil olunanların “Xəzər-Lənkəran sevgisi”ndən ayrıca danışmaq lazım gəlir. Bu gün region liqasında çıxış edən, halbuki Premyer liqa təmsilçilərinin malik olmadığı bazaya, infrastruktura və çoxminli azərkeş ordusuna malik “Xəzər Lənkəran” az qala AFFA-nın kabusuna çevrilib. Deyirlər ki, dünya dağılsa belə, “Xəzər-Lənkəran”ı Region liqasından yuxarı buraxmayacaqlar. Niyə? Çünki bu klub müstəqəli, peşəkar, AFFA-nın qəpik-quruşuna möhtac olmayan bir futbol təsərrüfatı olmağa çalışır. Və əlbəttə ki, bu da AFFA cənablarının xoşuna gəlmir.

Vaxtilə bu komandanı necə dağıtdıqlarını, sonuncu dəfə hakimlərin əli ilə Region liqasının yarımfinalında neçə uduzdurduqlarını hamı bilir və görür. Beləliklə də sözügedən qurumun qərəzi üzündən böyük bir azərkeş ordusu, böyük bir region indi məyus durumdadır.

AFFA bilməlidir ki, “Xəzər-Lənkəran” zəngin tarixə və diqqət çəkən uğurlara sahib olmaqla, təkcə Lənkəranın deyil, bütün cənub bölgəsinin sevimli və yeganə komandasıdır. Bakıda və başqa regionlarda da bu komandanın azərkeşləri çoxdur. Bu azərkeşlər də başqa planetdən gəlməyiblər, yaxud da kosmosdan paraşütlə enməyiblər, Azərbaycan xalqının dopdoğma övladlarıdır. Heç bir əsas olmadan onları məyus etmək, qırmaq, ümüdlərinin-arzularının üzərindən xət çəkmək haqqa- ədalətə sığmayan bir şeydir. Yumşaq kreslolarda oturub asan-kəsən, hüquqdan deyil, şəxsi ambisiyalarından çıxış edərək yanlış qərarlar verən, bununla da xalqı incidən, küsdürən, dövlətdən narazı salmağa çalışanların məqsədi ölkədə potensial narazı kütlə yartmaq, dövlətə xəyanət, dövlət başçısının uğurlu siyasətinə kölgə salmaqdır.

  //Samir Şahbazlı,Editor.az