İran xarici işlər naziri Seyid Abbas Araqçının Nyu-Yorka səfəri ləğv olunub.
Apress.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (20 yanvar) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən həftə İran xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasında Fələsinlə əlaqədar iclasında iştirak etməsi üçün Nyu-Yorka səfər etməsi nəzərdə tutulmuşdu.
Bəqai bildirib ki, bu iclas bu gün Nyu-Yorkda təşkil olunacaq. Lakin ötən iki gün ərzində Qəzza zolağı ilə əlaqədar proseslər, əsasən də Qəzza zolağında atəşkəs məsələsi nəzərə alınaraq bu səfər ləğv edilib.
Xatırladaq ki, çərşənbə günü Dohada keçirilən danışıqlarda İsrail və HƏMAS atəşkəs rejimi və əsirlərin azad edilməsi ilə bağlı saziş bağlayıblar. Saziş üç mərhələdən ibarətdir və ilkin mərhələdə atəşkəslə yanaşı, əsir mübadiləsinin aparılması nəzərdə tutulur; HƏMAS Qəzzada saxladığı 33 İsrailli əsiri azad etməyi öhdəsinə götürüb, İsrail tərəfi isə həbsxanalarda olan bir neçə fələstinli məhbusu sərbəst buraxmağa söz verib. Saziş 19 yanvarda qüvvəyə minib.