Avropa İttifaqı missiyasını gətirən səbəblər və cəmi bir gün sonra…backend
Manşet
609

Avropa İttifaqı missiyasını gətirən səbəblər və cəmi bir gün sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, fevralın 21-dən 22-nə keçən gecə Azərbaycan Ordusunun Tovuz rayonu və Sədərək rayonu istiqamətindəki mövqeləri 15 dəfə ardıcıl atəşə tutulub. Eyni zamanda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər və Xocavənd rayonları, Şuşa şəhərində yerləşən mövqeləri də atəşə tutulub.

Bundan cəmi bir gün öncə Avropa İttifaqının patrul xidməti həyata keçirəcək missiyası fəaliyyətə başlayıb. Avropa İttifaqı rəsmiləri iddia edirdilər ki, patrul missiyası guya regionda sülhün və sabitliyin qorunmasına töhfə verəcək. Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, bu missiya nəinki sabitliyə müvəffəq olmayacaq, əksinə, vəziyyəti daha da gərginləşdirəcək. Hətta bununla bağlı Avropa İttifaqı rəsmilərindən təhlükəsizliyə təminat da tələb olunub. Onların gəlişindən cəmi bir gün sonra Azərbaycanın mövqeləri yenidən atəşə tutulur. Bütün bunlar isə regionda sülhü qorumaq öhdəliyini götürmüş Rusiya sülhməramlı kontingentinin və Aİ missiyasının gözü qarşısında baş verir.

Ermənistan tərəfi “avropalı patrulçular”ın gəlişindən ilhamlanıb və ənənəvi təxribatçı fəaliyyətini davam etdirir. Aİ öz açıqlamasında bildirir ki, missiya üzvlərinin yarısı silahsızdır. Bu halda sual yaranır – digər yarısı hansı səbəblə silahlanıb?! Onlar doğrudan da sabitliyi qorumaq mandatı ilə gəliblərsə, bu silahdan hansı məqsədlər üçün istifadə edəcəklər? Ehtiyat tədbiri olaraq silah gəzdirirlər? Bəs necə olur ki, onların gəlişindən bir gün sonra Ermənistan silahlı qüvvələri yenidən ərazilərimizi atəşə tutur? İran “avropalı qonaqların” gəlişini hansı səbəbdən sükutla qarşılayır? Göründüyü kimi, suallar çoxdur.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, heç bir təxribatçı ssenari və məkrli məqsəd bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük vətən müharibəsində də “avropalı dostları” Ermənistanın yanında idi. Bir faydaları olsaydı, o zaman olardı. “Dəmir yumruq” yerindədir və təxribatçı ssenarilərini davam etdirsələr, yenidən başlarına dəyəcək.

Müəllif: Azər Niftiyev