Prezident İlham Əliyev 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiq edib.
Bəs sözügedən saziş turizm əlaqələrinə necə təsir edəcək?
Sazişin əsas məqsədi iki ölkə arasında turizm əlaqələrini inkişaf etdirmək, qarşılıqlı təbliğat və tanıtım tədbirlərini həyata keçirmək, eləcə də, turizm investisiyaları və peşə təhsili sahəsində əməkdaşlığı təşviq etməkdir.
“Sazişə əsasən, Azərbaycan və Türkiyə turizm sektorunda təcrübə və bilik mübadiləsi aparacaq, turizm bazarını genişləndirmək üçün birgə tədbirlər təşkil edəcək, eləcə də, turizm statistikaları, investisiya imkanları və qanunvericilik sahəsində məlumat paylaşacaqlar.
Bundan əlavə, tərəflər turizm investisiyaları sahəsində əməkdaşlığı genişləndirəcək, turizm infrastrukturunun inkişafı, daşınmaz dövlət əmlakının investorların idarəçiliyinə verilməsi və turizm obyektlərinin təsnifatı və sertifikatlaşdırılması üzrə təcrübə mübadiləsi aparacaqlar”, – agentlikdən qeyd edilib.
Vurğulanıb ki, sazişdə, həmçinin, turizm peşə təhsili sahəsində əməkdaşlıq nəzərdə tutulur.
“Bu çərçivədə ikili diplom proqramları, turizm üzrə təhsil və təqaüd imkanlarının araşdırılması və turizm müəssisələrinin idarə edilməsi sahəsində mütəxəssislərin hazırlanması üçün əməkdaşlıq ediləcək.
Ümumilikdə, saziş Azərbaycan və Türkiyə arasında turizm sahəsində qarşılıqlı əlaqələrin dərinləşdirilməsini, turizmin inkişafına yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsini və hər iki ölkənin turizm potensialının daha da genişləndirilməsini hədəfləyir”, – açıqlamada deyilir.
Xatırladaq ki, Türkiyə Azərbaycan Respublikasına 2024-cü il ərzində səfər edən xarici ölkə vətəndaşları sırasında 426 241 nəfər sayla (16%) 2-ci yerdə qərarlaşıb.
// APress.az