Zərdab rayonunun Dəkkəoba kəndində əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq.
APress.az-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti müvafiq işlərə start verib.
Belə ki, qurum hazırda kəndin su təminatını yaxşılaşdıracaq şirkət axtarışındadır
Qurum eyni zamanda sözügedən işlərin icrasını yerinə yetirəcək şirkətə 10,4 milyon manat vəsait ödəyəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, rayon mərkəzindən 5 kilometr şərqdə yerləşən kənd ötən dövrlərdə Kiçik Dəkkə, ən çox isə Məscidli oba adı ilə tanınıb. Kəndin 1700-cü illərdə yarandığı söylənilir, adının mənası isə “dəkkəlilərə məxsus oba” deməkdir. Dəkkəoba əhalisi maldarlıq, yemçilik, taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik, baramaçılıq, quşçuluq və s. ilə məşğul olur.
// APress.az