“Özəl şirkətlərə hansısa güzəştlər olmaldır. Vergidən tam azad olunmasalar belə, müəyyən işlər görülə bilər. Hazırda güzəşt var. Bunun bir az da dəyişməsini istərdik”.
“Apress.az” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, özəl şirkətlərin idmana sponsor kimi cəlb olunmasından danışıb: “Bununla bağlı Vergilər Nazirliyi ilə mütəmadi görüşlər keçiririk. Təklif veririk və bunu əsaslandırmalıyıq. İstərdik ki, daha çox özəl şirkət idmana yönəlsin. Bunun üçün qanun və qaydalarda müvafiq dəyişiklər etməliyik. Ən əsası da idman haqqında qanundur. Biz bunu son iki əl ərzində yazmağa başladıq. Demək olar ki, bitmək üzrədir. Daha sonra bunu Milli Məclisə təqdim edəcəyik. Kütləvi tədbirlər təşkil etdiyimiz zaman sponsorlar gəlmək istəyirlər.
Çünki insanlar çox olur. Dövlətin dəstəyindən danışdıq. Özümüz də çalışmalıyıq. Azərbaycanda idman marketinqi istənilən səviyyədə deyil. Dünya və Avropa çempionatı keçirilir, ulduzlar gəlir, təəssüflər olsun ki, tribunalarda azarkeş görmürük. Burada daha çox insanla işləməliyik. Məsələn, ABŞ-da beysbol yarışlarına insanlar ailə üzvləri ilə birlikdə gəlirlər. Onları orada 3-4 saat saxlamaq üçün müəyyən əyləncəli tədbirlər təşkil edilir. Bunu ölkəmizdə də reallaşdırmalıyıq. Burada ən böyük misal futboldur. “Qarabağ”ın avrokubok oyunlarında Tofiq Bəhramov adına Respublika Stadionu dolu olur. Lakin Ağdam klubunun yerli liqadakı matçlarına azarkeş gəlmir. Çünki onları düzgün dəvət etmirik. Bizdə də günah var. İnsanlar dəstək olmağa hazırdırlar. Bölgədəki matçlara azarkeş gəlir. Deməli ki, Bakıdakı oyunlara da gələ bilərlər. İdman marketinqini gücləndirməliyik. Mütəxəssis yoxdursa, ölkə xaricindən çağırmalıyıq”.