Azərbaycanda qohum olan məmur və deputatlar – SİYAHIbackend
Cəmiyyət
1390

Azərbaycanda qohum olan məmur və deputatlar – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onların arasında yüksək rütbəli məmurlar da var

Dünya şöhrətli psixoloq Luiza Hey “Öz həyatını necə bərpa etməli” əsərində qeyd edir ki, ictimai həyatda uğura nail olmaq üçün iki komponent vacibdir. Bunlardan biri təcrübə, digəri isə şəxsi əlaqələrdir. Məhz bu səbəbdən psixoloq karyera artırmaq üçün daim öz üzərində işləməyi, daha çox təcrübə əldə etməyi, eyni zamanda səni irəli aparacaq şəxsə çıxışı zəruri hesab edir. Onun iddiasına görə, əgər bu iki vacib komponentdən biri ödənməsə, o zaman məyusluq qaçılmazdır.

Müasir dövrün şərtləri ilə yanaşanda görürsən ki, doğrudan da Luiza Hey haqlıymış. Bu gün Azərbaycanda da yüksək vəzifələrdə çalışan, deputat mandatı daşıyan şəxslər arasında da qohum olanlar az deyil.

Hokm.az yüksək vəzifədə çalışan qohum məmurlarla bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki:

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin qardaşı Adil Əliyev Milli Məclisin sədr müavinidir. Hər iki qardaş uzun müddətdir hakim komandada təmsil olunur. M.Əliyev uzunmüddət Bakı  şəhər Baş Polis İdarəsinin rəisi olub. Bir müddət ölkəmizi  Tacikistanda fövqəladə və səlahiyyətli səfir olaraq təmsil edib. A.Əliyev isə 2005-ci ildən deputat mandatı daşıyır. Buna qədər polkovnik rütbəsi ilə polis orqanlarında çalışıb.

Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun qardaşı Malik Həsənov Milli Məclisin deputatıdır. K.Həsənov uzun müddət Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. Bu qurum İqtisadiyyat Nazirliyinə birləşdiriləndən sonra PA-da yüksək vəzifəyə təyinat alıb. Qardaşı M.Həsənov isə 2010-ci ildən ali qanunverici orqanda təmsil olunur. 2007–2010-cu illərdə “Azinko holdinq” tikinti şirkətinə rəhbərlik edib. Bu gün də onun qeyri-rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu iddia edilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun qayınatası, bacanağı və xalası oğlu yüksək vəzifədə çalışır. Belə ki, nazirin qayınatası Kamran İmanov Əqli Mülkiyyət Agentliyinin sədridir. Bundan öncə Müəllif Hüquqları Agentliyinə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. Bacanağı Zakir İbrahimov “AzerGold” QSC-nin, xalası oğlu Balakişi Qasımov isə İctimai İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktorudur. Kamran İmanovun məmur kimi fəaliyyəti Cabbarovun nazir fəaliyyətindən öncəyə təsadüf edir.

Ombudsman Səbinə Əliyeva Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. Onun atası Yaşar Əliyev isə uzun müddət Azərbaycanın xarici ölkələrdə səfiri, Milli Məclisin sədr müavini olub. Koronavirus pandemiyası qapanmaları dövründə AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə, uzun müddət çalışdığı hakim Yeni Azərbaycan Partiyası (YAP) rəhbərliyindən çıxarılan S.Novruzov hazırda deputat kimi fəaliyyətini davam etdirir. S.Əliyeva isə bundan öncə Konstitusiya Məhkəməsində Aparat rəhbərinin müavini işləyib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti  Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev Fövqəladə Hallar nazirinin müavinidir. Timur Mehdiyev Nazirlər Kabinetinin humanitar şöbəsinin keçmiş müdiri İsmayıl Sadıqovun qızı ilə evlidir. İsmayıl Sadıqov bir neçə il əvvəl tutduğu vəzifədən azad edilib. Bundan öncə isə  Gənclər, İdman və Turizm nazirinin müavini, Mədəniyyət və Turizm Nazirinin müavini, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifələrində çalışıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Fövqəladə Hallar nazirinin müavinidir. Ə.Əmiraslanovun daha bir qohumu Ramin Bayramlı isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsində çalışıb. Barəsində davamlı tənqidlər səsləndirildikdən sonra vəzifəsindən azad edilib.

Xarici İşlər naziri Ceyhun Bayramovun qardaşı yüksək vəzifədədir. Azər Bayramov maliyyə nazirinin müavinidir. Eyni zamanda Büdcə gəlirlərinin proqnozlaşdırılması üzrə komissiyanın sədridir. Buna qədər Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi işləyib.

Sonda qeyd edək ki, bu yekun siyahı deyil. Müxtəlif vəzifələrdə çalışan məmurlar arasında da yaxın qohumluq münasibətləri mövcuddur.

Mikayıl Mirzəzadə

Hokm.az