Azərbaycanda tanınmış alimi vəfat etdibackend
Cəmiyyət
278

Azərbaycanda tanınmış alimi vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində tanınmış alimi, AMEA-nın müxbir üzvü Tulparxan Şarabudinoviç Salavatov vəfat edib.

APress.az xəbər verir ki, o, avqustun 16-da 71 yaşında dünyasını dəyişib.

Salavatov Tulparxan Şarabudinoviç 1950-ci ilin oktyabrın 13-də Bakıda anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsini bitirib.

T.Salavatov 1981-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1990-cı ildə texnika üz­rə elmlər doktoru elmi dərəcələrini, 2003-cü ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft-Qaz Yataqlarının Problemləri İnstitutunda kiçik elmi işçi vəzifəsindən başlayan T.Salavatov 1978-ci ildən bu günə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft yataqlarının işlənməsi və istismarı kafedrasında ardıcıl olaraq böyük mühəndis, EHM rəisi, assistent, dosent, professor və kafedra müdiri vəzifələrində işləyib.

T.Salavatov 2001-2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub. 2009-2015-ci illərdə D.02.141 Dissertasiya Şurasının sədr müavini, 2017-2018-ci illərdə sədri, 2019-cu ildən isə ED 2.03 Dissertasiya Şurasının sədr olub.

T.Salavatov neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı sahəsində görkəmli alimlərdən olub.

O, 302 elmi əsərin, o cümlədən 11 müəlliflik şəhadətnaməsinin və patentin, 13 monoqrafiyanın, dərs vəsaiti və dərsliklərin müəllifidir. Onun rəhbərliyi ilə 4 elmlər və 24 fəlsəfə doktoru hazırlanıb.

Alim elm və texnikanın inkişafındakı nailiyyətlərinə və elmi nəticələrin xalq təsərrüfatına tətbiqinə görə Rusiya Təbiət Elmləri Akademiyasının “Uğur ulduzu” Fəxri nişanına, Vyetnam Respublikasının Fəxri neftçisi və Azərbaycanın Əməkdar elm xadimi adlarına layiq görülüb.

Allah rəhmət eləsin!